Məhkəmə qərarları › İş №e-2(090)-28/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-28/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-28/2023 19.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "19 dekabr 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3.229 (üç min iki yüz iyirmi doqquz) manat əsas, 300 (üç yüz) manat cərimə borcu və 899 manat əsas, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 4.518 manat məbləğində borcun və 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4.584 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “Era Electronics” mağazası arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 14433 saylı müqaviləsinə əsasən borclu “Era Electronics”-dən kreditlə 6.315 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 263 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 24 ay müddətində ödəməyi və xx.xx.2019-cu il tarixli, 16416 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 1.799 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 100 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2019-cu il tarixli, 14433 saylı və xx.xx.2019-cu il tarixli, 16416 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, “ERA Electronics”-ə olan borcunu 1 ilə yaxın müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 100 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 3.229 manat əsas, 300 manat cərimə borcu və 899 manat əsas, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 4.518 manat təşkil edir. Məhkəmə İddiaçınin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçı məişət əşyaları almış, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçı olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında əşyanın nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin predmeti adlanan 1-ci maddəsinə əsasən satıcı müqavilə əsasında məişət əşyalarını və texniki avadanlıqları alıcıya satır və alıcı öz növbəsində alınan malın dəyərini razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətə satıcıya ödəyir. Müqavilənin 3.3-3.4-cü maddələrinə görə alıcı malı aldıqdan sonra ödənişləri müqaviləyə əsasən aylıq ödəniş cədvəlində qeyd olunan tarixdən gec olmayaraq ödəməlidir. Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1%-i dəyərində əlavə cərimə hesablana bilər. Müqavilənin 5-ci maddəsinə əsasən müştəri aylıq ödəniş cədvəli üzrə 11 yanvar 2019-cu il tarixdən başlayaraq 24 ay ərzində İddiaçı 15 dekabr 2020-ci il tarixədək hər ay 263 (iki yüz altmış üç) manat və sonuncu ay isə, yəni 2021ci il yanvar ayının 15-dək 266 (iki yüz altmış altı) manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 7.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və müqaviləyə dair öhdəliklərin yerinə yetirilməsinin bitirilməsi tarixinədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 19 may 2019-cu il tarixli, 16416 nömrəli məişət texnikası krediti müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında əşyanın nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 5-ci maddəsinə əsasən müştəri aylıq ödəniş cədvəli üzrə 19 may 2019-cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçı 19 oktyabr 2020-ci il tarixədək hər ay 100 (bir yüz) manat və sonuncu ay isə, yəni 2020-ci il noyabr ayının 19-dək 99 (doxsan doqquz) manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 7.1-ci maddəsinə əsasən hazırki müqavilə imzalandığı andan qüvvəyə minir. Cavabdeh 22 sentyabr 2022-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 23 noyabr 2022ci il tarixli maliyyə arayışlarından məlum olur ki, borclu Cavabdeh 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 6.315 manat dəyərində mal almış və həmin müqavilə üzrə sonuncu dəfə 13.05..2020-ci il tarixdə 260 manat olmaqla, ümumilikdə 3.086 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 3.229 manat əsas borc və 300 manat cərimə borcu olmaqla ümumilikdə 3.529 manat borcu qalmışdır. Həmçinin Cavabdeh 19 may 2019-cu il tarixli, 16416 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 1.799 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 900 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 899 manat əsas borc və 90 manat cərimə borcu olmaqla ümumilikdə 989 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşya üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələrin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 11 yanvar 2019-cu il tarixli müqavilə üzrə 3.229 (üç min iki yüz iyirmi doqquz) manat əsas və 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3.529 (üç min beş yüz iyirmi doqquz) manat, 19 may 2019-cu il tarixli müqavilə üzrə 899 (səkkiz yüz doxsan doqquz) manat əsas və 90 (doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 989 (doqquz yüz səksən doqquz) manat, cəmi 4.518 (dörd min beş yüz on səkkiz) manat məbləğində borc tutularaq İddiaçı (“ERA Electronics”-in) xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən X2 vasitəsilə 16 dekabr 2022-ci il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 yanvar 2019-cu il tarixli müqavilə üzrə 3.229 (üç min iki yüz iyirmi doqquz) manat əsas və 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3.529 (üç min beş yüz iyirmi doqquz) manat, 19 may 2019-cu il tarixli müqavilə üzrə 899 (səkkiz yüz doxsan doqquz) manat əsas və 90 (doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 989 (doqquz yüz səksən doqquz) manat, cəmi 4.518 (dörd min beş yüz on səkkiz) manat məbləğində borc tutularaq İddiaçı (“ERA Electronics”-in) xeyrinə ödənilsin. İddiaçı tərəfindən X2 vasitəsilə 16 dekabr 2022-ci il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar