Məhkəmə qərarları › İş №e-2(094)-57/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-57/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-57/2023 17.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 980 manat əsas, 420 manat cərimə, cəmi 1400 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 34 manat tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 29 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh 12 ay müddətinə 1450 manat məbləğində kredit üsulu ilə hər ay 117 manat ödəməklə cavabdehə “Kondisioner ” satılmışdır. Eyni zamanda qeyd olunan müqavilə üzrə öhdəlikləri təmin etmək məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 22 iyul 2021-ci il tarixli 29 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehin müqavilə üzrə 980 manat əsas borc və 420 manat cərimə borcu olmaqla cəmi 1400 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 29 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1450 manat olan malı iddiaçı tərəfindən cavabdehə satılmış, həmin müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 117 manat ödəniş etməklə qalıq qalmış 1450 manat malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan fiziki şəxs İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, X1 fiziki şəxs İddiaçı qarşısında xx.xx.2021-ci il tarixdə 29 saylı nisyə satış müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 980 manat əsas və 420 manat cərimə borcu olmaqla, cəmi 1400 manat borcu mövcuddur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlərdən yaranmış borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi barədə onlara qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən qədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdehlər tərəfindən üzərlərinə götürdükləri öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onların iddiaçı qarşısında müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 980 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 420 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 140 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 980 manat əsas, 140 manat cərimə, cəmi 1120 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 34 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 980 manat əsas, 140 manat cərimə, cəmi 1120 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 34 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar