Məhkəmə qərarları › İş №e-2(103)-1909/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-1909/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-1909/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı maliyyə arayışlarının verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı maliyyə arayışlarının verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2(001)-2190/2025 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 26 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllə, blok 4, mərtəbə 12, mənzil 1217 (74430 manat dəyərində, 3 otaqlı, 128.0 kv.m) mənzilə dair maliyyə arayışının, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllə, blok 4, mərtəbə 12, 1218 (32500 manat dəyərində, 1 otaqlı, 65.0 kv. m.) saylı mənzilə dair maliyyə arayışının, 03 mart 2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı 79 saylı alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m. olan 30 qaraja dair maliyyə arayışlarının ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli e- 2(005)-4706/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maliyyə arayışlarının verilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Qərardadın əsaslarına görə, tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2(001)- 2190/2025 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyətinin həll olunması üçün məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Qərardadın əsaslarına görə, iddiaçı aidiyyət qaydalarına əməl edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə düzgün müraciət etmişdir. Belə ki, qanunda öhdəliyin icra edilməsi tələbi üzrə başqa imperativ norma müəyyən edilmədiyindən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmələr arasında yaranmış fikir ayrılığı ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi mübahisəyə müstəsna aidiyyat qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə cavabdehin hüquqi ünvanı üzrə baxılmalı olduğuna istinad edir.

8. Fikir ayrılığına dair yaranmış mübahisənin həlli üçün ilkin olaraq tələbin məzmununa diqqət yetirilməlidir.

9. MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

10. İddia ərizəsinin məzmunundan görünür ki, tələb maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır, yəni, iddia ərizəsinə müstəsna aidiyyat qaydasında baxılması üçün MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulan tələblərdən (daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq) heç bir mövcud deyildir.

11. Buna görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin tələbə müstəsna aidiyyat qaydalarına əsasən baxılmalı olması barədə gəldiyi nəticə yanlışdır və işə həmin məhkəmədə baxılmalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdehnə qarşı maliyyə arayışlarının verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar