Məhkəmə qərarları › İş №e-2(103)-4779/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-4779/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-4779/2025 31.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil-Tikini Kooperativinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə məhkəmələr arasında yaranmış işin ərazi aidiyyəti barədə fikir ayrılığına dair məsələyə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh MTK tərəfindən aralarında bağlanmış müqavilə üzrə öhdəliklərinin icra edilməsi və dəyərini ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35/2 saylı müqaviləyə əsasən iddiaçı cavabdeh MTK-dan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində ayrılmış 199 kv.m-dən ibarət 4 otaqlı mənzil və 2 saylı yaşayış binasının 2-ci blokunun “B” mərtəbəsində 40 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi almış və dəyərini tam şəkildə ödəmişdir. Bu barədə ona MTK tərəfindən xx.xx.2012-ci il tarixdə "xxxx" verilmişdir. Lakin, MTK mənzil təhvil versə də yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonunda yerləşir və iddia tələbi də həmin daşınmaz əmlakın cavabdeh MTK-dan alınaraq iddiaçıya verilməsindən ibarətdir. Belə olan halda hazırkı mülki işə cavabdeh MTK-nın ünvanı üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən deyil, müstəsna aidiyyət prinsipinə görə əmlakın yerləşdiyi ünvan üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Nəsimi Rayon Məhkəməsi isə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyət barədə Nərimanov Rayon Məhkəməsinin fikri ilə razılaşmamış və məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığına qiymət verilməsi məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Nəsimi Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflər arasında mübahisə əmlak hüququna dair deyil, müqavilədən irəli gələn öhdəliklərin pozulması ilə bağlıdır, yəni tələb hüququdur. Belə ki, cavabdeh MTK müqaviləyə əsasən öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı məhkəmədə iddia qaldıraraq pozulmuş hüququnu müdafiə etməyə məcbur olmuşdur. Əlavə olaraq, iş materiallarına mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsi ilə bağlı maliyyə arayışı əlavə edilməmişdir. Bu da o deməkdir ki, pay haqqının tam ödənilməsi də işin mübahisəli hallarından biridir. Çünki həmin fakt iş materialları ilə təsdiqlənmir. Eyni zamanda, iş materiallarından görünür ki, cavabdeh MTK-nın rəsmi hüquqi ünvanı ünvan 3sinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən hazırkı işə Nəsimi Rayon Məhkəməsi tərəfindən deyil, Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 39.1-ci maddəsinə görə isə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi cavabdeh MTK ilə onun arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməməsi barədədir. Buna görə də Məhkəmə hesab edir ki, hazırkı mülki işə MPM-in 39.1-ci maddəsinin tələbi baxımından Nəsimi Rayon Məhkəməsi tərəfindən deyil, MPM-in 35.2-ci maddəsi baxımından Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bu baxımdan da müəyyən edilir ki, hazırkı mülki işə Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 45.4, 402-ci maddələrinin tələblərini rəhbər tututan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil-Tikini Kooperativinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar