Məhkəmə qərarları › İş №e-2(103)-4916/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-4916/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-4916/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.875 manat pulun, həmçinin ödənilmiş 48,75 dövlət rüsumunun alınıb MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 15 may 2024-cü il tarixdə 2(048)-492/2024 nömrə ilə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra Lerik Rayon Məhkəməsinin 2(048)-492/2024 nömrəli 6 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehin faktiki ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu kimi göstərilməsi nəzərə alınaraq mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1 və 44.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3178/2024 saylı 16 iyul 2024-cü il tarixli qərardadı ilə mülki iş, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh faktiki yaşayış ünvanının olduğu yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Lerik rayonu, Pirəsora kəndində qeydiyyatdadır. Göründüyü kimi Cavabdeh rəsmi qeydiyyat ünvanı Lerik rayonu, Pirəsora kəndidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Cavabdeh Lerik rayonu, Pirəsora kəndində qeydiyyatdadır Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti), həmçinin Mülki Prosessual Məcəllənin 44-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu halların hazırki işdə mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməklə düzgün olaraq Lerik Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də cavabdehin qeydiyyatda olduğu ünvanına görə ümumi aidiyyət qaydalarına uyğun olaraq verildiyi iddia ərizəsini icraatına qəbul etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, iş, Lerik Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar