Məhkəmə qərarları › İş №e-2(103)-6390/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6390/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6390/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik xəttinin yerinin dəyişdirilməsi tələbi”nə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Goranboy şəhəri 12-ci Kvartal ünvanında yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq üzərindən keçən elektrik xəttinin torpaq sahəsinin üzərindən çıxarılması və elektrik xəttinin yerinin dəyişdirilməsini cavabdeh orqan "xxxx" ASC-yə məcbur edən qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1439/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Goranboy Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydə alındığı ünvan ünvan 2 iş baxılması üçün cavabdehin hüquqi qeydiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli e-2(006)- 5584/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

7. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

8. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

9. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.

10. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş Goranboy rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbinin predmetini təşkil edən onun mülkiyyətində olan daşınmaz əmlaka – Goranboy şəhəri 12-ci Kvartal ünvanında yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən elektrik xəttinin çıxarılması və elektrik xəttinin yerinin dəyişdirilməsini cavabdeh orqan "xxxx" ASC-yə həvalə edilməsi, həmçinin torpaq sahəsindən maneəsiz istifadə etmək hüququnun cavabdeh tərəfindən pozulması təşkil edir. İddiaçı özünün daşınmaz əmlaka mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması üçün Goranboy rayon Məhkəməsinə müraciət etmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, bu məzmunlu iddia ərizəsi mülki prosessual qanunveriliyin normalarının tələbləri baxımından müstəsna aidiyyət qaydasında baxılmalı olan daşınmaz əşyanın olduğu yerə görə verilir.

14. Bundan əlavə, iş materiallarından görünür ki, iddia ərizəsi Goranboy Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin e-2(045)-1439/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsi aidiyyət qaydalarına riayət edilməklə iddia ərizəsini öz icraatına qəbul etdiyi halda, iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi.

16. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mülki iş qeyd edilən prosessual pozuntuların aradan qaldırılması və digər prosessual hərəkətlərin edilməsi üçün Göranboy rayon məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair mülki iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar