Məhkəmə qərarları › İş №e-2(110)-1026/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1026/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1026/2023 14.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən ELEKTRİK SKUTER XİAOMİ üçün 1154.96 (bir min yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 115.04 (bir yüz on beş manat dörd qəpik) manat cərimə, ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat borc, 32.7 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ELEKTRİK SKUTER XİAOMİ aldığını və nəticədə 1270 (bir min iki yüz yetmiş) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və alqı-satqı qiyməti 1176.96 (bir min yüz yetmiş altı manat doxsan altı qəpik) manat, (yəni 12 ay x 98.08 manat + 0 manat ilkin ödəniş) olan ELEKTRİK SKUTER XİAOMİ üçün ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat olmaqla, ondan, 1154.96 (bir min yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115.04 (bir yüz on beş manat dörd qəpik) manat cərimə pulu borcu yarandığını cavabdehin cəmi ödədiyi məbləğin 22 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03322250 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşyalar – Mİ ELECTRİC SCOOTER-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 03322250 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1176.96 manat olan Mİ ELECTRİC SCOOTER üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətinə ayda 98.08 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Mİ ELECTRİC SCOOTER İS tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 1154.96 (bir min yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 115.04 (bir yüz on beş manat dörd qəpik) manat cərimə, ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “ABC Telecom“ MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 32.7 (otuz iki manat yetmiş qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ABC Telecom“ MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 03322250 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 1176.96 manat olan Mİ ELECTRİC SCOOTER üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə ayda 98.08 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək müqavilə üzrə cəmi 22 ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iddia tələbinin üzrə tələb olunan 115.04 manat cərimənin alınması hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, müqavilə üzrə hesablanmış 115.04 manat cərimə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 11 (on bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Mİ ELECTRİC SCOOTER üçün 1154.96 (bir min yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə 11 (on bir) manat cərimə olmaqla, ümumilikdə 1165.96 (bir min bir yüz altmış beş manat doxsan altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32.7 manat dövlət rüsumunun 2.7 manatı iddiaçıya aid edilməli, 30 (otuz) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Mİ ELECTRİC SCOOTER üçün 1154.96 (bir min yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 11 (on) manat cərimə, cəmi 1165.96 (bir min bir yüz altmış beş manat doxsan altı qəpik) manat borc və 32.7 manat dövlət rüsumunun 30 manatı olmaqla, ümumilikdə 1195.96 (bir min bir yüz doxsan beş manat doxsan altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar