Məhkəmə qərarları › İş №e-2(110)-1064/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1064/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1064/2023 21.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı subraqasiya qaydasında pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı “İcbari Sığorta Bürosu” X3 xeyrinə 130 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış “DAEWOO NEXİA” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 əmlakına zərər vurulduğunu, Cavabdeh hadisə yerindən yayındığına görə Bakı Şəhər DYPİ tərəfindən AR İXM-nin 327.6-cı maddəsi ilə xx.xx.2020ci il tarixli TP ******* nömrəli qərar qəbul edilərək 100 manat miqdarında cərimə olunduğunu, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkəti müflis elan edildiyini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ 130 manat zərərçəkən şəxsə sığorta ödənişi etdiyini, buna görə də subraqasiya qaydasında məhkəməyə müraciət etdiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər isə məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin mobil nömrəsinə SMS bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərk iddianı qəbul etmədiyini, belə ki, hadisənin 2020-ci ildə baş verdiyini, həmin vaxtı cəriməni ödədiyini, indiki sığorta şirkətinin cəriməsinə etiraz etdiyini bildirib ona köməklik edilməsini xahiş etmişdir. Lakin məhkəmə iclaslarında iştirak etməmiş, etirazlarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, “DAEWOO NEXİA” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC Sığorta şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, “DAEWOO GENTRA” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən X2 130 manat sığorta ödənişi edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “DAEWOO NEXİA” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “DAEWOO GENTRA” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş və sonuncuya zərər dəymişdir. “İcbari Sığorta Bürosu” X3 dəymiş ziyanı aradan qaldıraraq “DAEWOO GENTRA” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 130 manat məbləğində ödəniş həyata keçirmiş və cavabdehə qarşı subraqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmədiyini bildirsə də etirazına dair sübutları məhkəməyə təqdim etməmişdir. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanunun 25.4-cü maddəsin görə bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmin qanunun 32.1.1-ci maddəsinə əsasən sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin qanunun 32.4-ci maddəsinə əsasən büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 130 manat pul alınaraq “İcbari Sığorta Bürosu” X3 hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh subroqasiya qaydasında 130 (bir yüz otuz) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X3 hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar