Məhkəmə qərarları › İş №e-2(110)-1512/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1512/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1512/2025 09.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdi: Tələb:

1. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 06 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Honor X8b 8 GB/256GB” markalı cihazın qalıq borcu olan 415.31 manat (dörd yüz on beş manat 31 qəpik) pul məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 06 fevral 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 623.69 manat (altı yüz iyirmi üç manat 69 qəpik) təşkil edən “Honor X8b 8 GB/256GB” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 34.65 manat (otuz dörd manat 65 qəpik) olmaqla, 18 ay müddətinə, ********** nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda 2025-ci ilin mart ayında 48.02 manat, aprel ayında 53.52 manat, may ayında 35.84 manat, iyun ayında 35 manat, iyul ayında 36 manat, cəmi 208.38 manat ödəniş etmiş, başqa ödəniş etməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə borcu 415.31 manat (dörd yüz on beş manat 31 qəpik) təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

4. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

5. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İş materialları:

6. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/102 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış həmin müqavilədə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: -Müqavilənin 1.1-ci bəndinə görə operator Bu Müqavilə ilə müəyyən olunan şərtlərlə Müqavilənin 2-ci bəndində qeyd olunan Malı (bundan sonra "Mal" adlanacaq) və müvafiq xidmətləri Abonentə təqdim etməyi, Abonent isə Müqavilədə qeyd olunan şərtlərlə Malı və xidmətləri qəbul edib əvəzində razılaşdırılmış qiymətini Operatora ödəməyi öhdəsinə götürür. -Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən ardıcıl 2 (iki) ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. -Müqavilənin 5.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icraedilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər.

7. xx.xx.2025-ci il tarixli hesab-fakturadan görünür ki, 2025-ci ilin avqust-dekabr ayları üçün Cavabdeh tərəfindən ödəniləcək məbləğ 415.31 manatdır.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 415.31 manat təşkil edir.

9. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunur ki, 06 fevral 2025-ci il tarixli müqaviləyə görə birtərəfli qaydada xitam verildiyindən borc məbləğini 3 (üç) gün müddətində ödəmədiyi təqdirdə borcun məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

10. xx.xx.2025-ci il tarixli, **********04 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

11. Məhkəmə tərəfindən araşdırılmış yazılı sübutlarla müəyyən edilmişdir ki, 06 fevral 2025-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı ona dəyəri 623.69 manat olan “Honor X8b 8 GB/256GB” markalı telefon cihazı verilmişdir. Bununla da satıcı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.

12. Müqavilə şərtlərinə əsasən Cavabdeh isə cihazın dəyərini aylıq 34.65 manat olmaqla, 18 ay müddətinə, ********** nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda 2025-ci ilin mart ayında 48.02 manat, aprel ayında 53.52 manat, may ayında 35.84 manat, iyun ayında 35 manat, iyul ayında 36 manat, cəmi 208.38 manat ödəniş etmiş, başqa ödəniş etməmişdir. Nəticədə müqavilə üzrə 415.31 manat borc yaranmışdır.

13. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 415.31 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddiaçı qarşısında göstərilən məbləğdə borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 06 fevral 2025-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək dəyəri 623.69 manat olan 1 ədəd “Honor X8b 8 GB/256GB” markalı telefon cihazını cavabdehə təhvil vermiş, cavabdeh isə malı qəbul edərək onun dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən ödəniş öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə 415.31 manat məbləğində əsas borc yaranmışdır.

17. Məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Məhkəmə xərcləri:

19. Məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iş üzrə İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Nəticə:

20. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; - 06 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/102 nömrəli alqı-satqı müqaviləsi üzrə 415.31 manat məbləğində pul Şərur rayonunun Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358 və 360-cı maddələrini rəhbər tutaraq

Qət etdi: İddia təmin edilsin. 06 fevral 2025-ci il tarixli, BKC/2025/2220006/102 nömrəli alqı-satqı müqaviləsi üzrə 415.31 manat (dörd yüz on beş manat otuz bir qəpik) məbləğində pul Şərur rayonunun Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar