Məhkəmə qərarları › İş №e-2(110)-213/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-213/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-213/2022 14.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev X1 Fazil Əli oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı (“Era Electronics”) xeyrinə 649 manat əsas borc, 60 manat cərimə borcu və 509 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1268 manat borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1301 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02)-“Era Electronics” mağazası arasında imzalanmış 04.12.2019-cu il tarixli, 19901 saylı müqaviləyə əsasən borclunun “Era Electronics”-dən kreditlə 1078 manat dəyərində məişət avadanlığını kreditlə 18 ay müddətinə aylar üzrə 43 manat ödəmək şərtilə əldə etdiyini, 22.03.2020-ci il tarixli 21702 saylı müqaviləyə əsasən borclunun “Era Electronics”-dən kreditlə 529 manat dəyərində məişət avadanlığını kreditlə 12 ay müddətinə aylar üzrə 42 manat ödəmək şərtilə əldə etdiyini, borclunun hər iki müqavilə tələblərini pozaraq öhdəliyini yerinə yetirmədiyini, dəfələrlə şifahi və 1 dəfə yazılı xəbərdarlıq edilməsinə baxmayaq borcunu 1 ildən çoxdur ki ödəmədiyini, sonuncu dəfə 04.12.2019-cu il tarixdə 300 manat və 22.03.2020-ci il tarixdə 20 manat məbləğində ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan 04.12.2019-cu il tarixli 19901 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə 1078 manat dəyərində məişət avadanlıqları satılmış, alıcı isə 300 manat ilkin ödəniş edərək qalan məbləği 19 ayadək müddətdə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, cavabdeh 04.12.2019cu il tarixdə 300 manat ödəniş etmişdir. İş materiallarında olan 22.03.2020-ci il tarixli 21702 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə 529 manat dəyərində məişət avadanlıqları satılmış, alıcı isə 20 manat ilkin ödəniş edərək qalan məbləği 13 ayadək müddətdə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, cavabdeh 04.12.2019-cu il tarixli müqavilə üzrə 300 manat və 22.03.2020-ci il tarixli müqavilə üzrə 20 manat ilkin ödənişlər etsə də, qalan borclarını ödəməmişdir. İş materiallarında olan 29.11.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 04.12.2019-cu il müqavilə üzrə 649 manat əsas, 60 manat cərimə borcu olmaqla, cəmi 709 manat; 22.03.2020-ci il tarixli müqavilə üzrə 509 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 559 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilələrdən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya hər iki alqı-satqı müqaviləsi üzrə 1158 manat əsas, 110 manat cərimə borcu olmaqla, cəmi 1268 (bir min iki yüz altmış səkkiz) manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində (minimum 50 qəpik) cərimə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh Şərur rayon Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 04.12.2019-cu il tarixli 19901 saylı və 22.03.2020-ci il tarixli 21702 saylı alqısatqı müqavilələri üzrə cəmi 1158 (bir min yüz əlli səkkiz) manat əsas, 110 (bir yüz on) manat cərimə borcu olmaqla, cəmi 1268 (bir min iki yüz altmış səkkiz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 33 (otuz üç) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar