Məhkəmə qərarları › İş №e-2(110)-281/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-281/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-281/2022 28.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində cavabdehdən müqavilə üzrə 1266 manat məbləğində qalıq borcu və 510.45 manat cərimə borcu olmaqla cəmi 1776.45 manat borcun həmçinin ərizə verilməsi tərəflərindən ödənilmiş 37.76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.06.2019-cu il tarixli QBLK01571 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 3047 manat (cavabdeh tərəfindən ödənilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satıldığını, məhsulun cavabdehə təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, borcun vaxtında qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehə tərəflərindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun öhdəliyi yerinə yetirmədiyini, müqavilənin 6.1 bəndi və 6.1.1 yarımbəndini əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə kreditor mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malik olduğunu, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcunun 1539 manat təşkil etdiyini, müqavilənin 5.6–cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdehin öhdəsinə götürdüyünü cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcunun 724.87 manat təşkil etdiyini hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 20%ni ödəməyi borcludan tələb etdiklərini, belə olan halda hesablanmış cərimə məbləğinin 20%-i 510.45 manat təşkil etdiyini qeyd edərək cavabdehdən müqavilə üzrə 1266 manat məbləğində qalıq borcu və 510.45 manat cərimə borcu olmaqla cəmi 1776.45 manat borcun həmçinin ərizə verilməsi tərəflərindən ödənilmiş 37.76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 19 aprel 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. İş materiallarında olan 26.06.2019-cu il tarixli QBLK01571 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, Alıcı isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın qiymətini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcıya” Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə “Satıcı” öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu, nisyə malın “Satıcı”ya qaytarılmasını (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) dərhal tələb edə bilər. İş materiallarında olan 26.06.2019-cu il tarixli QBLK01571 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh 12 ay müddətinə 26.07.2019 - 26.05.2020-ci il tarixlərində aylıq 254 manat, 26.06.2020-ci il tarixində isə 253 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.06.2019-cu il tarixli təhvil-təslim aktındn görünür ki, Cavabdeh CARRİER42HA009N, CARRİER42HA018N markalı soyuducuları və VESTEL 49FD7000T markalı televizoru qüsursuz halda təhvil almışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 29.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.06.2019-cu il tarixli QBLK01571 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 1266 manat məbləğində qalıq borcu və 510.45 manat cərimə borcu olmaqla cəmi 1776.45 manat borcu vardır. İş materiallarında olan ********* nömrəli, 31.03.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 37.76 (otuz yeddi manat yetmiş altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan və poçt qəbzindən aydın olur ki, iddiaçının nümayəndəsi mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh müqavilə üzrə bu günə olan 1776.45 manat məbləğində borcunuzu 3 (üç) gün müddətində ödəmədiyi təqdirdə İddiaçı MMC müqaviləyə vaxtından əvvəl xitam verərək girov predmeti olan məhsulu geri tələb edə və ya qalıq borcunu və gecikməyə görə hesablanmış cərimə məbləğini məcburi qaydada sizdən almaq üçün məhkəməyə müraciət edə biləcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.06.2019-cu il tarixli QBLK01571 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı qiyməti 749 (yeddi yüz qırx doqquz) manat olan CARRİER42HA009N markalı Kondisoneri, qiyməti 1399 (bir min üç yüz doxsan doqquz) manat olan CARRİER42HA018N markalı Kondisoneri və qiyməti 899 (səkkiz yüz doxsan doqquz) manat olan VESTEL 49FD7000T markalı televizoru Satıcıdan nisyə almaqla, həmin əşyaların ümumi məbləği olan 3047 manat pulu 12 (on iki) ay müddətinə - 26.07.2019 - 26.05.2020-ci il tarixlərində aylıq 254 manat, 26.06.2020-ci il tarixində isə 253 manat olmaqla Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda Alıcı iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə arayışında cavabdehin iddiaçıya 1266 manat məbləğində qalıq borcu və 510.45 manat cərimə borcu olmaqla cəmi 1776.45 manat borcu olması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Satıcı belə bir tələb irəli sürməkdə haqlıdır. Alıcı Cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu Satıcıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hesab edirəm ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh iddiaçı "Optimal Elektronika” MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Müqavilə üzrə 1266 manat məbləğində qalıq borcun tutulması hissəsində tam əsaslıdır. İddia tələbinin müqavilə üzrə hesablanmış 510.45 manat cərimə pulunun tutulması hissəsinə gəldikdə hesab edirəm ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 510.45 manat cərimə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimə pulunun 51 (əlli bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, Cavabdeh 1266 (bir min iki yüz altmış altı) manat məbləğində qalıq borc və 51 (əlli bir) manat cərimə olmaqla, cəmi 1317.0 (bir min üç yüz on yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37.76 (otuz yeddi manat, yetmiş altı qəpik) manat dövlət rüsumunun 9.76 manatı iddiaçıya aid edilməli, 28.0 manatı isə Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26.06.2019-cu il tarixli QBLK01571 saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 1266 (bir min iki yüz altmış altı) manat məbləğində qalıq borc, 51 (əlli bir) manat cərimə, cəmi 1317.0 (bir min üç yüz on yeddi) manat borc pul və 37.76 (otuz yeddi manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı olmaqla, ümumilikdə 1345 (bir min üç yüz qırx beş) manat pul tutularaq İddiaçı MMC - nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar