Məhkəmə qərarları › İş №e-2(110)-541/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-541/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-541/2024 03.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 777,82 (yeddi yüz yetmiş yeddi manat, səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində Cavabdeh2 “Opel Zafira” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixində idarə edərkən Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00371-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volswagen Polo” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurduğunu, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volswagen Polo” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılaraq 5300 (beş min üç yüz) manat sığorta ödənişi həyata keçirildiyini, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Sumqayıt Şəhər DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilindiyini, cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbimizlə bağlı 4522,18 (dörd min beş yüz iyirmi iki manat, on səkkiz qəpik) manat sığorta ödənişi ödənildiyini, yerdə qalan 777,82 (yeddi yüz yetmiş yeddi manat, səksən iki qəpik) manat məbləğin isə Cavabdeh2 tərəfindən ödənilməli oluğunu, qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0536/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürüldüyünü və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitələrinin tam sığortası üzrə şəhadətnamədən görünür ki, «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır; - MVP0114/20 nömrəli sığorta aktından görünür ki, «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə 5400 manaat zərər dəymişdir. - 1728/20 nömrəli qiymətləndirmə aktından görünür ki, X2 məxsus «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə 5400 manat maddi ziyan dəymişdir. - xx.xx.2020-ci il tarixli 4 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 5300 (beş min üç yüz) manat köçürülmüşdür; - nəqliyyat vasitələrinin istifadə edilməsi etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “OPEL ZAFİRA MİNİK” markalı avtomobili Cavabdeh2 idarə etməsi üçün etibar etmişdir; - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “OPEL ZAFİRA MİNİK” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur; - xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir; - Sumqayıt DYPŞ-nin xx.xx.2020-ci il tarixli AP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - 57987010 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar EPUL onlayn ödəmə sistemi vasitəsilə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir; - 57987214 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar EPUL onlayn ödəmə sistemi vasitəsilə 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Nəqliyyat vasitələrinin tam sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Opel Zafira” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh2 yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı «VOLKSWAGEN POLO» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5300 (beş min üç yüz) manat müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləği X1 bank hesabına köçürülmüşdür. Cavabdehin etibarnamə ilə idarə etdiyi avtomobilinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" ASC tərəfindən subroqasiya qaydasında 4522.18 (dörd min beş yüz iyirmi iki manat, on səkkiz qəpik) manat sığorta ödənişi "xxxx" ASC- yə ödənilmişdir. Hadisə zamanı Cavabdeh2 nəqliyyat hadisəsi yerindən yayındığına "xxxx" ASC tərəfindən qalmış 777,82 (yeddi yüz yetmiş yeddi manat, səksən iki qəpik) manat məbləğində pulu cavabdehdən alınmasına dair subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, məhkəmə qeyd edir ki, Cavabdeh2 nəqliyyat hadisəsi yerindən yayındığına görə ondan subroqasiya qaydasında 777.82 (yeddi yüz yetmiş yeddi manat səksən iki qəpik) manat məbləğində verilmiş Sığorta ödənişinin əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ** DO *** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı, minik avtomobilinin mülkiyyətçisi Cavabdeh1 həmin avtomobili xx.xx.2020 - ci il tarixdən xx.xx.2022-cu il tarixədək idarə etmək səlahiyyətini Cavabdeh2 verdiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia tələbi üzrə müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun tutulmasına dair hissə ilə bağlı məhkəmə qeyd edir ki, həmin pul hazırki iddia tələbinə aid olmadığından, eyni zamanda iddiaçının həmin müraciəti məhkəmənin qərardadına əsasən rədd edildiyindən iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 777.82 (yeddi yüz yetmiş yeddi manat səksən iki qəpik) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1007.82 (bir min yeddi manat səksən iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar