Məhkəmə qərarları › İş №e-2(110)-549/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-549/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-549/2023 03.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixdə 837,74 manat gecikdirilmiş əsas, 770,43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 355 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Tracker” minik markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 7180 manat məbləğində pulun, ümumilikdə 9143,17 manat borc və ödənilmiş 111,84 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, LSGEM84A0MG119681 ban, boz rəngli avtomobil 39800 manat məbləğində İddiaçı MMCnin mülkiyyətinə alındığını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verildiyini, həmin müqaviləyə əsasən cavabdehin aylıq 15% hesablamaqla 60 ay hər ay sabit pul məbləğində 804,10 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdeh sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə 300 manat miqdarında etdiyini, xx.xx.2023-cü il tarixdə isə müvəqqəti sahibiyinə verilmiş avtomobili şirkətin müvəqqəti duracağına yerləşdirdiyini və servis tərfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 7180 manat ziyan dəydiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, Cavabdeh “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı LSGEM84A0MG119681 ban, boz rəngli avtomobil təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 837,74 manat gecikdirilmiş əsas, 770,43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 355 manat dəbbə pulu olmaqla, cəmi 1963,17 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin miqdarı 7180 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyekitnə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bandinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan geçikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablamaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istelak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. “Daxili lizinq” müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirməsindən, lizinq ödənişlərinin həyata keçirməkdən cərimələri, dəbbə pulunu ödəməkdən lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8 maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-ci maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 111,84 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh 837,74 manat gecikdirilmiş əsas, 770,43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 355 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 7180 manat məbləğində pulun, ümumilikdə 9143,17 (doqquz min yüz qırx üç manat on yeddi qəpik) manat borc və ödənilmiş 111,84 (bir yüz on bir manat səksən dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC - yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar