Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-557/2023 08.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 544 (beş yüz qırx dörd) manat məbləğində əsas borc, 55 (əlli beş) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 629 (altı yüz iyirmi doqquz) manat məbləğində pulun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0034793 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 705 manat dəyərində olan X2 10, (Al-dəyiş Plus 501-600) markalı əşya satdığını, borclunun aldığı əşyaya görə 50 manat ilkin ödəniş etdiyini və borclu olduğu qalıq 655 manat məbləğində müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirdiyini və 111 manat ödəniş etdiyini, borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixində isə yazılı xəbərdarlıq edildiyini, lakin borclunun yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmadığını, cavabdehin müqavilə üzrə öhədliklərini yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona xx.xx.2023-cü il tarixdə 55 manat məbləğində cərimə hesablandığını, yuxarıda göstərilənləri əsas tuturaq cavabdehdən İddiaçı MMC-nin xeyrinə 544 manat məbləğində əsas borc, 55 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulmalı olduğunu hesab etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, R0034793 nömrəli Əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” Alıcıya bu müqavilənin şərtiərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 705 manat məbləğində əmtəəni (əşyanı), yəni olan X2 10, (Al-dəyiş Plus 501-600) nisyə alqı-satqı şərtləri əsasında vermişdir. “Alıcı” aldığı əşyaya görə 50 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 655 manat məbləğində pulu müqaviləyə əlavə edilən Ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən əmtəə (əşya) “Alıcıya” təhvil verdiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Həmin Müqaviləsinin 2.1-ci bəndinə əsasən əgər alıcının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qarşısında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. İş materiallarında olan R0034793 nömrəli xx.xx.2022-ci il tarixli, Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh dəyəri 705 manat olan olan X2 10, (Aldəyiş Plus 501-600) üçün 50 (əlli) manat ilkin ödəniş ödədikdən sonra qalan 655 manat pulu 12 ay müddətində - xx.xx.2022-xx.xx.2023 tarixlərində hər ay 55 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat olmaqla ödəmək şərtilə İddiaçı MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə əsas borc qalığı 544 manat, cərimə borcu 55 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Malların təhvil-təslim aktına əsasən Cavabdeh X2 10, (Al-dəyiş Plus 501-600) əşyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Alıcı Cavabdeh əsas və cərimə borcunu 3 gün ərzində ödəməyəcəyi təqdirdə həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilmiş, lakin o, İddiaçı MMC-yə olan borcunun ödənilməsi üçün hər hansı bir tədbir görməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R0034793 nömrəli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 705 manat olan X2 10, (Aldəyiş Plus 501-600) üçün 50 manat ilkin ödəniş edərək qalan 655 mant pulu 12 ay müddətinə hər ay 52 manat, manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü bəndinə əsasən əmtəə (əşya) “Alıcıya” təhvil verdiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələrin icra olunduğu, ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq İddiaçı MMC -yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, R0034793 nömrəli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən X2 10, (Al-dəyiş Plus 501-600) üçün ödəmədiyi 544 (beş yüz qırx dörd) manat məbləğində əsas borc, 55 (əlli beş) manat məbləğində cərimə, cəmi 599 (beş yüz doxsan doqquz) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu və iddiaçı tərəfindən tələb edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğndə dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, R0034793 nömrəli Əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh X2 10-a (Al-dəyiş Plus 501-600) görə 544 (beş yüz qırx dörd) manat məbləğində əsas borc, 55 (əlli beş) manat məbləğində cərimə, cəmi 599 (beş yüz doxsan doqquz) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 629 (aqltı yüz iyirmi doqquz) manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-557/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-557/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver