Məhkəmə qərarları › İş №e-2(110)-620/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-620/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-620/2022 26.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HP komputer üçün 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 275.8 (iki yüz yetmiş beş manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə, ümumilikdə 3048 (üç min qırx səkkiz) manat borc və 50.48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İHP komputer, İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 3048 (üç min qırx səkkiz) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3808.6 (üç min səkkiz yüz səkkiz manat altmış qəpik) manat (18 ay x 191.7 manat + 358 manat ilkin ödəniş) olan HP komputer üçün ümumilikdə 3033 (üç min otuz üç) manat olmaqla, ondan 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 275.8 (iki yüz yetmiş beş manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 690.5 (altı yüz doxsan manat əlli qəpik) manat (3 ay x 167.5 manat + 188 manat ilkin ödəniş), İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 15 (on beş) manat olmaqla, ondan 15 (on beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1726.9 (bir min yeddi yüz iyirmi altı manat doxsan qəpik) manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərilən xx.xx.2022-ci il xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödədiyini, tələblərinin əsalığının və əmlakın dəyərini sübut edən sənədlərin tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarət olduğunu qeyd edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HP komputer üçün 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 275.8 (iki yüz yetmiş beş manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 3048 (üç min qırx səkkiz) manat borc və 50.48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22295625 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – HP Envy 13-ba0004ur (3H272EA) model komputerdir. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22295625 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 3808.6 (üç min səkkiz yüz səkkiz manat altmış qəpik) manat olan HP komputer üçün 358 (üç yüz əlli səkkiz) manat ilkin ödəniş etmiş, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 191.7 (bir yüz doxsan bir manat yetmiş qəpik) manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HP komputer tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22369176 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 DS (SM-A515) 128GB model mobil telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22369176 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 690.5 (altı yüz doxsan manat əlli qəpik) manat olan İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 188 (bir yüz səksən səkkiz) ilkin ödəniş edərək, qalan məbləği 3 (üç) ay müddətinə ayda 167.5 (bir yüz altmış yeddi manat əlli qəpik) manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu 2772.2 (iki min yeddi yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 275.8 (iki yüz yetmiş beş manat səksən qəpik) manat cərimə, ümumilikdə 3048 (üç min qırx səkkiz) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 50.48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mövcud müqavilənn 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tərəfindən tam şəkildə ödənilməsi, odur ki tərəfindən hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərinicrası ilə əlaqədar çağırışa 3 (üç) gün ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22295625 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMCdən alış qiyməti 3808.6 (üç min səkkiz yüz səkkiz manat altmış qəpik) manat olan, HP komputer üçün 358 (üç yüz əlli səkkiz) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 191.7 (bir yüz doxsan bir manat yetmiş qəpik) manat, xx.xx.2021-ci il tarixli, 22369176 saylı Müqaviləyə əsasən isə alış qiyməti 690.5 (altı yüz doxsan manat əlli qəpik) manat olan, İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 188 (bir yüz səksən səkkiz) ilkin ödəniş ödəyərək, qalan məbləği 3 (üç) ay müddətinə ayda 167.5 (bir yüz altmış yeddi manat əlli qəpik) manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1726.9 (bir min yeddi yüz iyirmi altı manat doxsan qəpik) manat ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HP komputer üçün 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 275.8 (iki yüz yetmiş beş manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3048 (üç min qırx səkkiz) manat borcu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə də, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin iddia tələbinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 275.8 manat cərimənin tutulması hissəsinə gəldikdə hesab edirəm ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, müqavilə üzrə hesablanmış 275.8 manat cərimənin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin 28 (iyirmi) manat həcmində müəyyənləşdirilməsini ədalətli hesab edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə "xxxx" qarşısında müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HP komputer üçün 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2800.2 (iki min səkkiz yüz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 50.48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun 4.11 (dörd manat on bir qəpik) manatı iddiaçıya aid edilməli, 46.37 (qırx altı manat otuz yeddi qəpik) manat isə cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HP komputer üçün 2757.2 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə İMEİ Kodu **********89079 olan Samsung Galaxy A51 markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə, cəmi 2800.2 (iki min səkkiz yüz manat iyirmi qəpik) manat pul və 50.48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun 46.37 (qırx altı manat otuz yeddi qəpik) manatı olmaqla, ümumilikdə 2846.57 (iki min səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar