Məhkəmə qərarları › İş №e-2(110)-623/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-623/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-623/2025 13.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 712 manat əsas borc, 71,20 manat cərimə, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 491,60 manat əsas, 49,16 manat cərimə olmaqla, cəmi 1323,96 manat borcun və 33,24 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanan xx.xx.2024-cü il vəxx.xx.2024-ci il tarixli müqavilələrə əsasən ZƏMANƏT + 3 İL xidməti, TOSHİBATV , SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET XL xidməti,İMEİ KODU **********75262 SAMSUNG GALAXYA24 markalı telefonalmış və nəticədə 1323.96 (min üç yüz iyirmi üç manat, 96 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (6 ay x 142.50 manat + 45 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TVüçün ümumilikdə, 783.20 (yeddi yüz səksən üç manat, 20 qəpik) manat olmaqla ondan, 712 (yeddi yüz on iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 71.20 (yetmiş bir manat, 20 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 734.60 (yeddi yüz otuz dörd manat,60 qəpik) manat (18 ay x 39.70 manat + 20 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XLxidməti, İMEİ KODU **********75262 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 540.76 (beş yüz qırx manat,76 qəpik) manat olmaqla ondan, 491.60 (dörd yüz doxsan bir manat, 60 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.16 (qırx doquz manat,16 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 431 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18302607 nömrəli və xx.xx.2024-cü il tarixli 13408308 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh 900 manat dəyərində Zəmanət+3 il xidməti, Toshiba TV və 734,60 manat dəyərində Samsung 25W Compact Charger, Qızıl zəmanət ultra 2 il xidməti, Paket XL xidməti, İmei kodu **********75262 Samsung Galaxy A24 markalı telefonlar satılmış, müştəri hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, həmin gün satıcı İddiaçı MMC xx.xx.2024-cü il tarixli 18302607 nömrəli və xx.xx.2024-cü il tarixli 13408308 nömrəli alqı-satqı müqavilələrində qeyd olunan Zəmanət+3 il xidməti, Toshiba TV markalı 900 manat dəyərində və Samsung 25W Compact Charger, Qızıl zəmanət ultra 2 il xidməti, Paket XL xidməti, İmei kodu **********75262 Samsung Galaxy A24 markalı 734,60 manat dəyərindəki telefonu tam qüsursuz halda alıcıya təhvil verilmiş, alıcı- Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Tərəflər bu faktı aktda öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin hər iki müqavilə üzrə cəmi 1203,6 manat ödənilməmiş hissə, 120,36 manat cərimə borcu olmaqla, ümumilikdə 1323,96 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə müvafiq alqı-satqı müqaviləsinin 3.11-ci bəndinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının əsas borcun qaytarılması ilə bağlı tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, işdə olan materiallardan belə müəyyən olunur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, ümumi dəyərləri 900 və 734,60 manat olan razılaşdırılmış məişət avadanlıqlarını alıcı (cavabdeh) Cavabdeh istifadəsinə vermiş, alıcı isə iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi iddianın əsaslı olubolmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir. İşdə olan materialların tədqiqi nəticəsində belə müəyyən olunur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə tərəflər arasında yazılı qaydada etibarlı nisyə alqı-satqı müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18302607 nömrəli və xx.xx.2024-cü il tarixli 13408308 nömrəli alqı-satqı müqavilələri əsasında satıcı- İddiaçı MMC 900 manat dəyərində Zəmanət+3 il xidməti, Toshiba TV və 734,60 manat dəyərində Samsung 25W Compact Charger, Qızıl zəmanət ultra 2 il xidməti, Paket XL xidməti, İmei kodu **********75262 Samsung Galaxy A24 markalı telefon alıcı- Cavabdeh mülkiyyətinə vermiş, alıcı əşyanı qəbul etmiş, lakin sonradan alıcı- Cavabdeh müqavilə üzrə cəmi 1323,96 manat məbləğində ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə satılan əşya satıcı tərəfindən alıcıya verildiyi andan, alıcı- Cavabdeh alqı-satqı predmeti olan əşyanın qiymətini müqavilədə qeyd olunan şərtlərlə satıcı-İddiaçı MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən müştəri “ödəniş cədvəli” üzrə ödənişlərini vaxtında ödəmzsə, müddəti keçmiş məbləin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödəməlidir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 120,36 manat məbləğində cərimə 1203,6 manat məbləğində əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüzdür. Bu səbəbdəb də, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 60,18 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; -xx.xx.2024-cü il tarixli 18302607 nömrəli və xx.xx.2024-cü il tarixli 13408308 nömrəli alqı-satqı müqavilələri üzrə 1203,6 manat əsas borc, 60,18 manat cərimə borcu olmaqla, ümumilikdə 1263,78 manat məbləğində pul Şərur rayonunun Püsyan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33,24 manat (otuz üç manat iyirmi dörd) məbləğində dövlət rüsumunun 31,73 manat (otuz bir manat yetmiş üç qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 18302607 nömrəli və xx.xx.2024-cü il tarixli 13408308 nömrəli alqı-satqı müqavilələri üzrə 1203,6 manat əsas borc, 60,18 manat cərimə borcu olmaqla, ümumilikdə 1263,78 manat (bir min iki yüz altmış üç manat yetmiş səkkiz qəpik) məbləğində pul Şərur rayonunun Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33,24 manat (otuz üç manat iyirmi dörd) məbləğində dövlət rüsumunun 31,73 manat (otuz bir manat yetmiş üç qəpik) hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı MMCyə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar