Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-852/2024 12.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HUAWEİ WATCH GT 3 ACTİVE qol saatı, HUAWEİ FREEBUDS 4İ qulaqlıq üçün 491 (dörd yüz doxsan bir) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə ümumilikdə, 540 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 3 ACTİVE qol saatı, HUAWEİ FREEBUDS 4İ qulaqlıq aldığını və nəticədə 540 (beş yüz qırx) manat borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 981 (doqquz yüz səksən bir) manat (yəni 18 ay x 54.5 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 3 ACTİVE qol saatı, HUAWEİ FREEBUDS 4İ qulaqlıq üçün ümumilikdə, 540 (beş yüz qırx) manat olmaqla ondan 491 (dörd yüz doxsan bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 490 manat təşkil ediyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02121579 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya 2 il ultra qızıl zəmanətli, HUAWEİ FREEBUDS 4İ markalı qulaqlıq və HUAWEİ WATCH GT 3 ACTİVE markalı qol saatıdır. Tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 02121579 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 981.07 (doqquz yüz səksən bir manat yeddi qəpik) manat olan HUAWEİ FREEBUDS 4İ markalı qulaqlıq və HUAWEİ WATCH GT 3 ACTİVE markalı qol saatı üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 ay müddətinə ayda 54.5 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HUAWEİ FREEBUDS 4İ markalı qulaqlıq və HUAWEİ WATCH GT 3 ACTİVE markalı qol saatını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 491 (dörd yüz doxsan bir) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, ümumilikdə 540 (beş yüz qırx) manat təşkil edir. İş materiallarında olan 63127472 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02121579 saylı Müqavilədən görünür ki, Müştəri qiyməti 981.07 (doqquz yüz səksən bir manat yeddi qəpik) manat olan HUAWEİ FREEBUDS 4İ markalı qulaqlıq və HUAWEİ WATCH GT 3 ACTİVE markalı qol saatı üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 ay müddətinə ayda 54.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək müqavilə üzrə cəmi 490 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 49 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 49 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 34.37 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 0.81 manatı iddiaçıya aid edilməli, qalan 29.19 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02121579 saylı Müqaviləyə əsasən 491 (dörd yüz doxsan bir) manat ödənilməmiş hissə, 34.37 (otuz dörd manat otuz yeddi qəpik) manat cərimə, ümumilikdə 525.37 (beş yüz iyirmi beş manat otuz yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.19 manatı olmaqla, ümumilikdə 554.56 (beş yüz əlli dörd manat, əlli altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02121579 saylı Müqaviləyə əsasən 491 (dörd yüz doxsan bir) manat ödənilməmiş hissə, 34.37 (otuz dörd manat otuz yeddi qəpik) manat cərimə, ümumilikdə 525.37 (beş yüz iyirmi beş manat otuz yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.19 manatı olmaqla, ümumilikdə 554.56 (beş yüz əlli dörd manat, əlli altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-852/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-852/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver