Məhkəmə qərarları › İş №e-2(110)-912/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-912/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-912/2023 05.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli “nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 1493 manat, cərimə üzrə 157 manat, cəmi 1650 manat və xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 1330 manat, cərimə üzrə 130 manat, cəmi 1460 manat, Ümumilikdə 2 müqavilə üzrə 3110 manat ödənilməmiş borcun və ödənilmiş 51.10 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Acer A315-57G-76 1TB markalı Notebookun və xx.xx.2022-ci il tarixdə LG Led 55UP77506LA markalı televizorun nisyə alqı-satqı müqavilələri bağlanıldığını, həmin müqavilələrə əsasən o qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdehin isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürdüyünü, cavabdehin öhdəsinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyini, Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozduğunu, Müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçdiyini, ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcunu ödəməkdən yayındığını, hazırda onun xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 1493 manat, cərimə üzrə 157 manat, cəmi 1650 manat; xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 1330 manat, cərimə üzrə 130 manat, cəmi 1460 manat, ümumilikdə 2 müqavilə üzrə 3110 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsindən görünür ki, Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya 1 ədəd Acer A315-57G-76 1TB markalı notebook satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilənin 1.3-cü bəndində qeyd edilmiş Mal(lar)ın - Notebook Acer A315-57G-76 1TB qiyməti – 2063.04 AZN-dir. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin 270 (iki yüz yetmiş) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı” ödənir. Bu müqavilənin 2.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq məbləği Müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı”ya ödənilir. İş materiallarında olan 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə Əlavədən görünür ki, Alıcı ümumi dəyəri 2063.04 manat olan Acer A315-57G-76 1TB markalı notebook üçün 270 man ilkin ödəniş ödəyərək, qalan 1793.04 məbləği 12 ay müddətinə hər ay 149.42 manat ödəmək şərtilə Alıcıdan nisyə almışdır. İş materiallarında olan 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə Əlavədən görünür ki, Alqı-satqı müqaviləsinə əsasən ödənişin hər gecikdirilən günü üçün aylıq ödənişin 2% həcmində əlacə məbləğ tutulacaq. İş materiallarında olan Təhvil-təslim aktından görünür ki, Acer A315-57G-76 1TB markalı notebook Alıcıya təhvil verilmişdir. Tərəflər arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı müqaviləsinin Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya 1 ədəd LG Led 55UP77506LA markalı Televizor satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən 1.3-cü bənddə qeyd edilmiş Mal(lar)ın - LG Led 55UP77506LA markalı televizorun qiyməti – 1947.2 AZN-dir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin 350 (üç yüz əlli) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı”ya ödənilr. Həmin müqvilənin 2.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq mələği Müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı”ya ödənilir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə Əlavədən görünür ki, Alıcı ümumi dəyəri 1947.2 manat olan LG Led 55UP77506LA markalı televizor üçün 250 man ilkin ödəniş ödəyərək, qalan 1597.2 məbləği 12 ay müddətinə hər ay 133.1 manat ödəmək şərtilə Alıcıdan nisyə almışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə Əlavədən görünür ki, Alqı-satqı müqaviləsinə əsasən ödənişin hər gecikdirilən günü üçün aylıq ödənişin 2% həcmində əlacə məbləğ tutulacaq. İş materiallarında olan Təhvil-təslim aktından görünür ki, LG Led 55UP77506LA markalı televizoru Alıcıya təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 51.10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Arayışdan görünür ki, Cavabdeh 20 may 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1493 manat ödənilməmiş hissə, 157 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli ********** saylı müqavilə üzrə isə 1330 manat ödənilməmiş hissə, 130 manat cərimə borcu vardır. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı alqı-satqı qiyməti 2063.04 (iki min altmış üç manat dörd qəpik) manat olan Acer A315-57G-76 1TB markalı Notebook üçün 270 manat ilkin ödəniş ödəməklə qalan 1793.04 manatı 12 ay müddətinə hər ay 149.42 manat, 06 iyun 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı alqı-satqı qiyməti 1947.02 (bir min doqquz yüz qırx yeddi manat iki qəpik) manat olan LG Led 55UP77506LA markalı televizor üçün 350 manat ilkin ödəniş ödəməklə qalan 1597.2 məbləği isə 12 ay müddətinə ayda 133.1 manat olmaqla Alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, hər gecikdirilən gün üçün aylıq ödənişin 2% həcmində dəbbə pulu ödəməlidir. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Alıcı” onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, iddia tələbi 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 1493 manat və 06 iyun 2022- ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə isə 1330 manat olmaqla, ümumilikdə 2823 manat ödənilməmiş hissədə tam əsaslıdır. Məhkəmə iddia tələbinin 20 may 2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə hesablanmış 157 manat, 06 iyun 2022- ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə isə 130 manat, olmaqla ümumilikdə 287 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, məhkəmə hər iki Müqavilə üzrə hesablanmış 287 manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən o, borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 1493 (bir min dörd yüz doxsan üç) manat ödənilməmiş hissə, xx.xx.2022- ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 1330 (bir min üç yüz otuz) manat ödənilməmiş hissə olmaqla, cəmi 2823 manat, hər iki müqavilə üzrə isə cəmi 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2873 (iki min səkkiz yüz yetmiş üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 51.10 manat dövlət rüsumunun 3.10 manatı iddiaçıya aid edilməli, qalan 48 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 1493 (bir min dörd yüz doxsan üç) manat, xx.xx.2022- ci il tarixli ********* saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə isə 1330 (bir min üç yüz otuz) manat, cəmi 2823 (iki min səkkiz yüz iyirmi üç) manat ödənilməmiş hissə, həmçinin hər iki müqavilə üzrə 50 (əlli) manat cərimə, cəmi 2873 (iki min səkkiz yüz yetmiş üç) manat borc və ödənilmiş 51.1 (əlli bir manat on qəpik) manat dövlət rüsumunun 48 (qırx səkkiz) manatı olmaqla, ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar