Məhkəmə qərarları › İş №e-2(111)-122/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-122/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-122/2025 07.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 420 (dörd yüz iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 450 (dörd yüz əlli) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən məhkəmə işə həmin icraat qaydasında baxmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 07 aprel 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” tələbi üzrə 2(111)-122/2025 saylı mülki işlə məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, G-D-1155-2025 nömrəli iddia ərizəsini və kiçik mübahisələrə dair iddia ərizəsi üzrə məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun (qəbz nömrəsi: **********05) geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Bu vəziyyətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmənin mövqeyinə görə iddiaçının ərizəsi icraata qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq normaları hazırki vəziyyətdə tətbiq edilə bilər. İddiaçının ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). İddiaçının nümayəndəsinin məhkəmənin ünvanına göndərdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçı "xxxx" ASC-nin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" ASC-yə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən “Asan ödəniş” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixli, **********05 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC-nin “Asan ödəniş” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixli, **********05 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar