Məhkəmə qərarları › İş №e-2(111)-194/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-194/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-194/2025 05.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1500,00 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 (otuz beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Abşeron rayonu, Bakı-Quba-Dağıstan yolunun 12.5-ci kilometrliyində Cavabdeh1 məxsus, istifadə hüququ isə Cavabdeh3 verilən və Cavabdeh2 idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi, PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Shacman” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş və X5 az ağır dərəcəli xəsarət almışdır. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan aydın olur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 185.2.4 maddələri ilə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə, "xxxx" ASC tərəfindən iş üzrə PXA112483/22 saylı sığorta aktı tərtib edilməklə X1 dəymiş zərərə görə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı Cavabdeh3 iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi etirazda bildirmişdir ki, е-2(111)-194/2025 saylı iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, ona qarşı iddia əsassızdır rədd edilməlidir. Nəzərə catdırmağı zəruri hesab edir ki, həqiqətəndə buraxılış ili 2006-cı il olan “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülküyyətində olmuşdur. “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülküyyətcisi Cavabdeh1 sürmək ücün ona xx.xx.2022-ci tarixində etibarnamə vermişdir. (etibanamə etiraza əlavə edilir.) “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin çirkli olduğu ücün o, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında yerləşən avtomobillərin kimyəvi üsulla təmizlənmə məntəqəsinə gəlmiş, məntəqənin işcisi Cavabdeh2 ilə şifahi razılıq əsasında 2 (iki) gün ərzində avtomobilin kimyəvi üsulla təmizlənməsinə və xidmət haqqı olaraq 100 (yüz) manata razılaşmışlar. O, “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili və açarı məntəqənin işçisi Cavabdeh2 təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin DYP-nin “Saray” postunda müstəntiq vəzifəsində işləyən (adı, soyadı, telfon nömrəsini xatırlamıram) polis əməkdaşı tərəfindən mənim mobil telefonuma zəng gəlmiş və onu “Saray” postuna dəvət etmişlər. Orada polis müstəntiqi ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Bakı-Quba-Dağıstan yolunun 12,5-ci km-də Cavabdeh1 məxsus, istifadə hüququ Cavabdeh3 verilən və Cavabdeh2 idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Shacman” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuş, nəticədə “Shacman” markalı avtomobilin sürücüsü X5 az ağır xəsarət almışdır. O, polis müstəntiqinə izahat yazaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə “Hyundai Ticson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili və açarı, kimyəvi üsulla təmizlənməsinə görə məntəqənin işçisi Cavabdeh2 təhvil vermiş, baş vermiş hadisə barədə xəbəri olmamışdır. Məntəqənin işçisi Cavabdeh2 avtomobili onun icazəsi olmadan idarə etmiş və ona maddi ziyan vurmuşdur. Cavabdeh2 barəsində araşdırma aparılmış, cinayət işi açılmış, Abşeron rayon məhkəməsinə göndərilmiş və Abşeron rayon məhkəməsi tərəfindən Cavabdeh2 azadlıqdan mərhum edilmişdir. Baş vermiş hadisə zamanı onun heç bir günahı olmamış, əksinə o, zərər çəkmiş, humanistlik, göstərərək vətəndaş Cavabdeh2 şikayətçi olmamışdır. “Shacman” markalı avtomobilin sürücüsü X3 az ağır xəsarət və sığorta pulu almasından məlumatı olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC tərəfindən iddia tələbinin ona aid hissədə tamamilə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki işin icraatı zamanı Cavabdeh1 iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi etirazda bildirmişdir ki, e-2(111)-194/2025 saylı iş üzrə İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, ona qarşı iddia əsassızdır rədd edilməlidir. Həqiqətən də buraxılış ili 2006-cı il olan “Hyundai Tucson” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur. O, ona məxsus olan avtomobili xx.xx.2022-ci tarixdə Cavabdeh3 etibarnamə əsasında satmışdır. (etibanamə etiraza əlavə edilir). Baş vermiş hadisədən onun heç bir xəbəri olmamışdır. “Shacman” markalı avtomobilin sürücüsü X3 az ağır xəsarət və sığorta pulu almasından qətiyyən məlumatı olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, diqqətinizə bir daha çatdırmağı zəruri hesab edirik ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia tələbinin ona aid hissədə tamamilə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda Cavabdeh1 iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi digər bir etiraz ərizəsində sığorta predmenti olan “Hyundai Tucson” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmasına baxmayaraq, 3-cü şəxslər qarşısında təmsil olunması məqsədi ilə avtonəqliyyat vasitəsini xx.xx.2022-ci tarixdə Cavabdeh3 verdiyini, Cavabdeh3 avtonəqliyyat vasitəsinin kimyəvi təmizlənməsini təmin etmək məqsədi ilə Cavabdeh2 işlədiyi avtoyuma məntəqəsində saxlamışdır. Cavabdeh2 isə avtonəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh2 ictimai təhlükəli əməlin törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 253-1.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi cavabdeh Cavabdeh2 aid hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə Azərbaycan Respublikası DİN BİS Tİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şəbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci tarixdə sürücülük vəsiqəsi və avtonəqliyyat vəsitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə Cavabdeh1 məxsus idarə etdiyi “Hyundai Tucson” markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 12,5-ci kilometrliyində “Shacman” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X5 az ağır dərəcəli xəsarət almış, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə sığorta ödənişinin alınması üçün X3 plastik kart hesabına 1500 manat köçürmə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Hyundai Tucson” markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobil 48,75 manat sığorta haqqı ödənilməklə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan kart hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 419841******7196 nömrəli X3 plastik kart hesabına 1500 manat ödəmə aparılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsi 1(012)-509/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 9 aprel 2022-ci ildə 21 radələrində Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon Nizami Nərimanov küçəsi 19 nömrəli binanın arxasında yerləşən yuyucu işlədiyi 8121 nömrəli avtoyuma sexinə Cavabdeh2 məxsus, Cavabdeh3 tərəfindən etibarnamə ilə idarə olunaraq gətirilib təmizləmək üçün verilmiş HYUNDAİ TUCSON minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili 13 aprel 2022-ci ildə saat 20 radələrində idarə edərək Bakı-Quba-Dağıstan sərhədi yoluna çıxıb Azərbaycan Respublikası «Yol hərəkəti haqqında” Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 12,5ci kilometrində idarə etdiyi həmin avtomobillə Quba rayonu istıqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib qarşıda eyni istiqamətdə nasazlıq səbəbindən sürücü X6 tərəfindən dayandırılmış SHACMAN markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan HYUNDAİ TUCSON minik markalı avtomobildə olan sərnişin X2 uzun müddətə pozulmasına səbəb olan sağ bud sümüyü cisminin yerdəyişən qapali sınığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurduğundan Cavabdeh2 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmak hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən etiraz ərizələrinə əlavə olunmuş 10 aprel 202-ci il tarixli, reyestdə 7E-7639 nömrə ilə qeydə alınmış elektron qaydada verilmiş etibarnamədən görünür ki, “Hyundai Tucson” markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh3 verilmişdir. İş materiallarında olan elektron ərizədə yerləşən dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixli, **********78 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC tərəfindən iş üzrə 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci tarixdə sürücülük vəsiqəsi və avtonəqliyyat vəsitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə Cavabdeh1 məxsus idarə etdiyi “Hyundai Tucson” markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 12,5-ci kilometrliyində “Shacman” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Tucson” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 az ağır dərəcəli xəsarət almış və "xxxx" ASC tərəfindən X4 1500 manat sığorta haqqı ödənilmişdir. Cavabdeh2 təqsiri işdə olan sübutlarla tam təsdiqini tapmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə baş vermiş hadisə ilə əlaqədar təqsirli olması sübuta yetirilməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə 1500 manat dəymiş zərər məbləğ və iddia təmin olunduğundan ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi iş üzrə cavabdeh olan mülki hüquq pozuntusu törətmiş şəxs Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 1500 manat sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 (min beş yüz otuz beş) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar