Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-197/2025 08.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “İnfinix Zero 30” markalı cihazın qalıq borcu 941,69 manat (doqquz yüz qırx bir manat 69 qəpik) borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 11 sentyabr 2024-cü il tarixli müqaviləyə görə sonuncuya dəyəri 942,69 manat (doqquz yüz qırx iki manat 69 qəpik) təşkil edən “İnfinix Zero 30” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 52,37 manat (əlli iki manat 37 qəpik) olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri pozaraq yalnız 2025-ci ilin yanvar ayında 1 manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə borcu 941,69 manat (doqquz yüz qırx bir manat 69 qəpik) təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən ardıcıl 2 (iki) ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Müqavilənin 5.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilədən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən hissəli satış qiyməti 942,69 manat olan “İnfinix Zero 30” markalı mobil telefonu əldə etmiş, həmin məbləği 18 ay müddətinə aylıq 52,37 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilənin 3.1-ci bəndinə görə abonent tərəfindən ödəniş ardıcıl 2 (iki) ay ərzində edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok statusuna keçirilir və bundan sonrakı növbəti 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Abonent yalnız həmin borcu tam ödədikdən sonra nömrə ikitərəfli blok statusundan çıxarılır. Borc ödənilmədikdə isə operator abonentin mobil telefon nömrəsini yenidən satışa çıxara və üçüncü şəxslərə təqdim edə bilər. 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilənin 4.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər hansı bir öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh cihazın dəyərini aylıq 52,37 manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda yalnız 2025-ci ilin yanvar ayında 1 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 941,69 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh 2025-ci ilin yanvar ayında cəmi 1 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, 3 iş günü müddətində tələb olunan pul məbləği ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********63 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən “ASAN ödəniş” sistemi vasitəsilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 941,69 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 941,69 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə ümumilikdə 941,69 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 sentyabr 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 941,69 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 971,69 (doqquz yüz yetmiş bir manat, altmış doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-197/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-197/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver