Məhkəmə qərarları › İş №e-2(111)-227/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-227/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-227/2025 08.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 420 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 88 manat məbləğin, nəticə etibarı ilə ümumilikdə 508 (beş yüz səkkiz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********). Fəaliyyət sahəsi mobil telefonların və onların aksesuarlarının alğı-satqısıdır. O, hazırkı iddia üzrə Cavabdeh ilə 29 iyun 2024-cü il tarixli 226 nömrəli “Mal satınalması” müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh “tecno spark go” markalı telefonu 7 aylıq kreditlə 330 manat dəyərində və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli “Mal satınalması” müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh “honor x5b plus” markalı telefonu 10 aylıq kreditlə 340 manat dəyərində almışdır. 340 manat borcdan hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 50 manat ödənilmiş, qalan 290 manat borcu ödəməkdən imtina edir. Cavabdehin yuxarıda qeyd olunan 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli “Mal satınalması” müqavilələrdən yaranan 420 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, müqavilənin ödəniş şərtlərinin 3.3-cü bəndinə və xx.xx.2025-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 88 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli “Mal satınalması” müqavilələrindən görünür ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 29 iyun 2024-cü il tarixli 226 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alğı-satqı qiyməti 330 manat olan “tecno spark go” markalı mobil telefonu 80 manat ilkin ödəniş etməklə almış və müqavilənin tərkib hissəsi olan Əlavə 1-ə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 35,71 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alğı-satqı qiyməti 340 manat olan “honor x5b plus” markalı mobil telefonu 50 manat ilkin ödəniş etməklə almış və müqavilənin tərkib hissəsi olan Əlavə 1-ə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 29 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələrin 4.1-ci bəndinə əsasən alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdən sonra satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş edilmədikdə, borc məbləğinin alınması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həyata keçirilir. 29 iyun 2024-cü il tarixli 226 nömrəli “Mal satınalması” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 29 iyun 2024-cü il tarixli 226 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. 17 dekabr 2024-cü il tarixli 410 nömrəli “Mal satınalması” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 17 dekabr 2024-cü il tarixli 410 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. Tərəflər arasında bağlanmış 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələrin 3.2-ci bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2025-ci il tarixli arayışa əsasən 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələr üzrə Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 420 manat əsas borcu, 88 manat dəbbə pulu olmaqla ümumilikdə 508 manat məbləğində ödənilməmiş borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən ona olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəlikləri icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli “Mal satınalması” müqavilələri üzrə xx.xx.2025-ci il tarixə gecikdirilən pul öhdəliyi üzrə 420 manat əsas, 88 manat gecikdirilmiş dəbbə pulu, nəticə etibarı ilə ümumilikdə 508 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilələr üzrə 420 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 420 manat əsas borcuna münasibətdə 88 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 88 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 21 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələr üzrə 420 manat əsas borc, 21 manat cərimə borcu olmaqla ümumilikdə 441 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 26,04 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyun 2024-cü il tarixli 226 nömrəli və 17 dekabr 2024-cü il tarixli 410 nömrəli müqavilələr üzrə 420 manat əsas, 21 manat cərimə, cəmi 441 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 26,04 manatlıq hissəsi olmaqla ümumilikdə 467,04 (dörd yüz altmış yeddi manat, dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar