Məhkəmə qərarları › İş №e-2(111)-93/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-93/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-93/2023 29.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “X1 Olmayan Kredit Təşkilatı” MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ”X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci tarixli, MHDK02380 №-li müqavilə üzrə 1200 manat qalıq borcu, 281.52 manat cərimə borcu olmaqla, cəmi 1481.52 manat məbləğində borcun iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.81 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu tarixli, MHDK02380 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən 15 ay müddətinə hissə-hissə hər ay üçün 113 manat, sonuncu ay üçün isə 117 manat ödəmək şərti ilə, 1699 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, MHDK02380 saylı müqavilə üzrə qalıq borcu 1200 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 2815.20 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 281.52 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, MHDK02380 saylı müqavilə üzrə 1200 manat qalıq borcu, 281.52 manat cərimə borcu olmaqla, cəmi 1481.52 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu tarixli, MHDK02380 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, MHDK02380 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 1699 manat (14 ay x 113 manat + sonuncu ay 117 manat) olmaqla kondisioner Carrier almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2021-ci ildir. xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqaviləyə 2 saylı əlavə olan xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqvilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. 08 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqavilə üzrə cavabdehin 1200 manat qalıq borc, 2815.2 manat cərimə borcu vardır. Tələb edilən cərimə borcu 281.52 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə “X1 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış və müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulan müqavilələr üzrə pul tələbləri "xxxx" MMC tərəfindən “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və "xxxx" MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsi barədə məlumatlandırılmışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə ərizə verilərkən 34.81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqavilə üzrə 08 fevral 2023-cü il tarixə 1200 manat ödənilməmiş hissə və 281.52 manat cərimə olmaqla ümumilikdə 1481.52 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh müqavilə üzrə 1200 manat ödənilməmiş hissə və 281.52 manat cərimə olmaqla ümumilikdə 1481.52 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli alğısatqı müqaviləsi üzrə 08 fevral 2023-cü il tarixinə yaranmış 1200 manat ödənilməmiş hissə və 281.52 manat cərimə olmaqla ümumilikdə 1481.52 manat məbləğində pul tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34.81 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli MHDK02380 nömrəli müqavilə üzrə 1200 manat ödənilməmiş hissə və 281.52 manat cərimə olmaqla ümumilikdə 1481.52 manat borc və 34.81 manat ödənilmiş dövlət rüsumu, cəmi 1516.33 (min beş yüz on altı manat, otuz üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar