Məhkəmə qərarları › İş №e-2(111)-94/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-94/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-94/2022 28.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə 223.75 manat qalıq borcu və 92.76 manat cərimə borcu olmaqla cəmi 316.52 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2018-ci il tarixli, NXÇK01015 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən borcluya 1398 manat (borclu tərəfindən ödənilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 223.75 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 463.83 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 92.76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə Kəngərli Rayon Məhkəməsi tərəfindən cavabdehə faktiki olduğu ünvan üzrə bildirişin göndərildiyini, cavabdehin isə həmin bildirişi 30.03.2022-ci il tarixdə rəsmi qaydada aldığını nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarında olan NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən alğı-satqı qiyməti 1398 manat olan, təhvil-təslim aktında göstərilən əşyanı almışdır. İş materiallarında olan NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə 2 saylı əlavə olan təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 1398 manat olan 2 ədəd “Vestel D141” markalı qabyuyan Cavabdeh tərəfindən imza edilərək təhvil alınmışdır. İş materiallarında olan NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə 18 ay müddətinə bağlanmış və Cavabdeh 25.01.2019-cu il tarixdən başlayaraq 25.05.2020-ci il tarixədək hər ay 78 manat, son ödəmə tarixi olan 19.06.2020-ci ildə isə 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış NXÇK01015 nömrəli, 19.12.2018-ci tarixli müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 273.75 manat qalıq borc, 108.08 manat cərimə borcu olmaqla ümumilikdə 381.83 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş 14.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 28.03.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı nisyə alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun 13 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 273.75 manat qalıq borc, 108.08 manat cərimə borcu olmaqla ümumilikdə 381.83 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Lakin iddiaçı cavabdehdən müqavilə üzrə 223.75 manat qalıq borcu və 92.76 manat cərimə borcu olmaqla cəmi 316.52 manat məbləğində borcun ödənilməsini tələb etsə də, 223.75 manat qalıq borcu ilə 92.76 manat cərimə borcunun ümumi məbləği 316.51 (üç yüz on altı, əlli bir) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehdən tələb olunan 223.75 manat qalıq borcu və 92.76 manat cərimə borcunun ümumi məbləği 316.51 manat təşkil etdiyindən həmin hissədə təmin olunmalı, qalan hissədə isə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı MMC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış cəriməni vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC-nin cavabdehdən əsas borcu və cəriməni tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 223.75 manat qalıq borc, 92.76. manat cərimə borcu olmaqla ümumilikdə 316.51 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 223.75 manat qalıq borc, 92.76. manat cərimə borcu olmaqla ümumilikdə 316.51 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh NXÇK01015 nömrəli, 19.12.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 223.75 manat qalıq borc, 92.76 manat cərimə borcu olmaqla ümumilikdə 316.51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cəmi 346.51 (üç yüz qırx altı manat, 51 qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar