Məhkəmə qərarları › İş №e-2(111)-95/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-95/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-95/2022 28.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 724 manat məbləğində əsas borc, 73 manat cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 827 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 724 manat dəyərində olan Samsung A125 32 DS / Samsung A125 32 DS markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 0 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 724 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, 28.01.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Hesab edir ki, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 724 manat məbləğində əsas borc, 73 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə Kəngərli Rayon Məhkəməsi tərəfindən cavabdehə faktiki olduğu ünvan üzrə bildirişin göndərildiyini, cavabdehin isə həmin bildirişi 04.04.2022-ci il tarixdə rəsmi qaydada aldığını nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsi imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarında olan R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən alğı-satqı qiyməti 724 manat olmaqla “Samsung A125 32 DS / Samsung A125 32 DS” markalı əşyanı almışdır. Müqavilə üzrə ödəmənin son tarixi 20.07.2022-ci ildir. İş materiallarında olan R0017079 nömrəli 16.07.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə 12 ay müddətinə bağlanmış və Cavabdeh 20.08.2021-ci il tarixdən başlayaraq 20.06.2022-ci il tarixədək hər ay 61 manat, son ödəmə tarixi olan 20.07.2022-ci ildə isə 53 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaq gecikdirildikdə hər gün üçün gecikdirilmiş borc məbləğinin müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.3%-dək həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Tərəflər arasında bağlanmış R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən “alıcı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, verilmiş əmtəə malın tam dəyərini vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin həmin tarixə R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş 28.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 29.03.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 13 yanvar 2022-ci il tarixə 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı MMC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış cəriməni vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC-nin cavabdehdən əsas borcun və cərimənin vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Çünki, Cavabdeh 13 yanvar 2022-ci il tarixə bağlanmış müqavilə üzrə 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh R0017079 nömrəli 16.07.2021-ci il tarixli alğısatqı müqaviləsi üzrə 13 yanvar 2022-ci il tarixinə yaranmış 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh R0017079 nömrəli,16.07.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 724 manat əsas borc, 73 manat cərimə borcu olmaqla ümumilikdə 797 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar