Məhkəmə qərarları › İş №e-2(125)-1072/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1072/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1072/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1029 manat məbləğində vurulmuş zərər və 30,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BA597043 nömrəli, xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, X5 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Nizami küçəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində yerləşən X9 tərəfindən icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsi yanğının təsirinə məruz qalmışdır. AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 1720 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh icarə müqaviləsi əsasında Gəncə şəhəri, Nizami küçəsində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri,yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”-nın 1.4, 1.5-1.5.1,1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq dönərxanada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də, 17 oktyabr 2016-cı il tarixdə, saat 06 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halında avadanlıqların satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qab-qacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. Vurulmuş zərərə görə 1029 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 1029 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2016-cı il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2010-cu il tarixli, MA ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi ilə T.Arani küçəsinin şimal-şərq istiqamətində yerləşən ticarət təyinatlı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5-1 5.1,1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Bu səbəbdən də xx.xx.2016-cı il tarixdə, saat 03 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halından yanğın baş vermiş, nəticədə dönərxana, qonşuluqda yerləşən "Eurolux” elektrik avadanlıqlarının satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qabqacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. 17 oktyabr 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən X4 məxsus Cavabdeh icarəyə götürdüyü dönərxanada, X6 icarəyə götürdüyü “Eurolux" mağazasında, X5 icarəyə götürdüyü qab-qacaq mağazasında və "xxxx" ASC 1 saylı Regional “Mətbuatyayımı idarəsinə məxsus, X7 icarəyə götürdüyü 23 saylı köşkdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi və dəymiş ziyanla əlaqədar məhkəməyə mülki qaydada müraciət etmə hüququnun zərər çəkmiş şəxslərə izah edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixli, 1484/FG/CFİ-083/2017 saylı sığorta aktından görünür ki, dəymiş zərərin bərpası üçün çəkilən xərc ümumilikdə 1169 manat təşkil etmiş, zərər məbləğindən 140 manat azadolma məbləği çıxılaraq 1029 manat ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixli, 4167 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 etibarnamə üzrə nümayəndəsi X3 hesabına 1029 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-ci maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi cavabdehin qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı 1029 (bir min iyirmi doqquz) manat məbləğində dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərər üzrə 1029 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 30,29 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1029 (bir min iyirmi doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,29 (otuz manat 29 qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar