Məhkəmə qərarları › İş №e-2(125)-1087/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1087/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1087/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, soyuducu «Samsung» üçün 1138,6 (bir min yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 113 (bir yüz on üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon üçün 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 15,6 (on beş manat altmış qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 1422 (bir min dörd yüz iyirmi iki) manat borc və 34,22 (otuz dörd manat iyirmi iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, soyuducu «Samsung» və İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon almış və nəticədə 1422 (bir min dörd yüz iyirmi iki) manat borc və 34,22 (otuz dörd manat iyirmi iki qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə, əsasən, alqı-satqı qiyməti 1356 (bir min üç yüz əlli altı) manat (12 ay x 113 manat + 0 manat ilkin ödəniş) olan, soyuducu «Samsung» üçün ümumilikdə 1251,6 (bir min iki yüz əlli bir manat altmış qəpik) manat olmaqla ondan, 1138,6 (bir min yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 113 (bir yüz on üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 310,8 (üç yüz on manat səksən qəpik) manat (12 ay x 25,9 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon üçün ümumilikdə, 170,4 (bir yüz yetmiş manat qırx qəpik) manat olmaqla, ondan 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,6 (on beş manat altmış qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 373,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1356 manat olan soyuducu «Samsung» dəyəri 310,8 manat olan İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar soyuducu «Samsung» üçün hər ay 113 manat və İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon üçün hər ay 25,9 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən soyuducu «Samsung» üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1356 manat olan mal almış, əsas borc məbləğindən 1138,6 manat borcunu ödəmədiyindən, həmin məbləğə 113 manat cərimə hesablanmış; həmçinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 310,8 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 154,8 manat borcunu ödəmədiyindən, həmin məbləğə 15,6 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəliklərini lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən soyuducu «Samsung» 1356 manata almış, həmin məbləğdən 217,4 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 1138,6 manat əsas borcu qalmış, qalıq borca 113 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefonu 310,8 manata almış, həmin məbləğdən 156 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 154,8 manat əsas borcu qalmış, qalıq borca 15,6 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 128,6 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 34,22 (otuz dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh soyuducu «Samsung» üçün 1138,6 (bir min yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, İmei kodu **********28353 olan «HUAWEİ Y5» markalı telefon üçün 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla ümumilikdə 1307,8 (bir min üç yüz yeddi manat səksən qəpik) manat borc pul və 34,22 (otuz dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1138,6 (bir min yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla ümumilikdə 1308,4 (bir min üç yüz səkkiz manat qırx qəpik) manat məbləğində borc və 34,22 (otuz dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar