Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1218/2025 24.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı barının üstündə qanunuz çəkilmiş 20 metrlik beş cərgədən ibarət mişar daşının (kubikin) öz hesabına sökülməsi və barının əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yaşadıqları Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 101-103 nömrəli evlərin arasında olan barının üstündə qanunsuz hörülmüş 20 metrlik beş cərgədən ibarət mişar daşının (kubikin) Cavabdeh hesabına sökülməsi və barının əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 101 nömrəli ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli, **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışla İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh İddiaçı Hüseyn oğlu ilə barıbarıya qonşudur. Rəhimov X2 şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 101 nömrəli evdə, Cavabdeh isə həmin küçədə yerləşən 103 saylı evdə yaşayır. İddiaçı və cavabdehin yaşadıqları evlərin arasında köhnə torpaq və çaylaq daşından ibarət barı vardır. Cavabdeh heç kimin razılığını almadan özbaşına arada olan barının üstündən 20 metr uzunluğunda iri mişar daşı (iri ağır kubiklə) beş cərgədən ibarət qanunsuz barı çəkmiş, nəticədə həmin kubiklərin ağırlığından aşağıda olan köhnə barı iri çat verərək boyhaboy yarıqlar əmələ gələrək əyilmiş və hər an uçmaq təhlükəsi altında qalmışdır. İddiaçı Hüseyn oğlu və ailə üzvləri cavabdehin inadkarlığı üzündən yaşayış evinin giriş-çıxışından öz istədikləri kimi istifadə edə bilmirlər. İddiaçının yaşadığı evdə körpə nəvələri vardır. Barının uçmaq təhlükəsi qorxusundan azyaşlı nəvələrini və istifadəsində olan avtomobilini həyətə sala bilmir. İddiaçı Hüseyn oğlu arada uçmaq təhlükəsi altında olan barının 20 metrlik məsafəsini öz evi tərəfindən sökdürüb yenidən tikdirmişdir. Ancaq qonşu Cavabdeh təqsiri ucbatından uçmaq təhlükəsi altında olan barını sökdürüb onun evinə aid hissəsindən yenidən nizam barı çəkilməsindən əsassız imtina etmişdir. Onun bu hərəkətlərindən dəfələrlə İcra Hakimiyyətinə şikayət etmiş, nümayəndələr gəlib vəziyyəti görsələr də, şifahi qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı Hüseyn oğlunun ailə üzvləri və nəvələri daim qorxu altında yaşayırlar. Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı Hüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, həmin barı əvvəldən də qəzalı vəziyyətdə olmuş, əvvəlcə üzərində xırda çatlar olmuşdur. 2013-cü ildə cavabdeh tərəfdən ucalan ağacın kökü barının yarısı uçurmuşdur. Bundan sonra cavabdehin atası ilə danışmış, razılaşmışlar ki, hər kəs öz tərəfini düzəltdirəcəkdir. Bu danışığa əsasən o, öz tərəfində hasar çəkdirmiş, lakin tək ona aid olmadığı üçün axıra kimi etməmişdir. Qalan hissə qəzalı olduğundan uçmaması üçün dəmir qoymuşdur. Hazırda da hasarın uçma təhlükəsi vardır. Qonşu kimi dəfələrlə yoluna qoymaq üçün danışmış, ancaq cavabdeh razılaşmamışdır. Yağış yağanda barının üstünə yağır. Onun tək gediş-gəliş yolu oradandır, ancaq barının uçma təhlükəsinə görə maşınını belə ora sala bilmir. Cavabdeh tərəfdə olan hasar tumbasız tikilmişdir. Dəmir parçasını elə düzəltdirmişdir ki, uzun illərdir həmin hasarı saxlayır. Həmin dəmir parçasını dayaq kimi cavabdehin hasarına birləşdirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək izahatında göstərdi ki, mübahisə iki qonşu arasında yerləşən hasara görədir. Cavabdehin atası tərəfindən ağır kubiklərlə tikilmişdir. Cavabdehin navesinin novu hasar boyu gedir, nəticədə su axıb barının üstünə tökülür. Hasar qəzalı vəziyyətdədir. Cavabdeh başqa məhkəmə icraatında iddiaçıdan maddi ziyan tələb edir, ancaq bununla bağlı sübut təqdim edə bilmir. Hasara görə darvaza açılmır. İddiaçı hasarın uçma təhlükəsinə görə maşınını içəridə saxlaya bilmir, polis əməkdaşları dəfələrlə gəlib maşını küçədə saxlamasına görə xəbərdarlıq edib, cərimə etmişdirlər. Məhkəmə icraatı zamanı tərəflər razılaşmaq istəmiş, ancaq mümkün olmamışdır. Cavabdeh idiaçının öz hesabına hasarın sökülməsini tələb etmişdir. Dəfələrlə aralarında mübahisə olmuş, bu mübahisələrə görə hətta iddiaçının yoldaşı xəstəxanalıq olmuşdur. Buna görə də məhkəmə qaydasında mübahisə həll edilməli, iddiaçının pozulmuş hüququ bərpa edilməlidir. Cavabdehin atası da sağlığında razılıq vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı evi alanda hasara görə narazılıq etmiş, atasına hasarı söküb yenidən tikməyi təklif etmişdir. Atası da ölməmişdən qabaq iddiaçıya onlar tərəfdə yerləşən hasarın salamat olduğunu, heç bir probleminin olmadığını demiş, hasarın sökülməsi ilə bağlı heç bir razılığı olmamışdır. Atası rəhmətə gedəndən sonra isə onun hasarına dəmir parçası birləşdirmişdirlər. Məhz iddiaçı özbaşına dəmir parçası qoyduğuna görə hasarda çatlar əmələ gəlmişdir. Gəlib bərpa etmələrini tələb etsə də, əməl etməmişdirlər. Buna görə ona dəymiş ziyanla bağlı məhkəməyə də müraciət etmişdir. Bu məsələylə bağlı iddiaçının yoldaşı dəfələrlə ona nalayiq ifadələr işlətmişdir. Dəmir parçası ora qoyulana qədər hasar salamat olmuşdur. İddia əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli çıxarışın əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Gəncə şəhəri, X4 küçəsi, 101 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X4 küçəsi, ev 103 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. xx.xx.2025-ci il tarixdə məhkəmə mübahisəli yaşayış sahəsinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, X4 küçəsində yerləşən 101 nömrəli fərdi yaşayış evi ilə cavabdehin mülkiyyətində olan 103 nömrəli fərdi yaşayış evinin giriş-çıxış qapıları (darvazaları) yan-yana təcrid vəziyyətdə olmaqla yaşadıqları evlərin arasında (arakəsməsində) köhnədən torpaq və çaylaq daşından ibarət barı mövcud olmuşdur. Sonradan cavabdeh mülkiyyətində olan evin qarşısındakı köhnə barının arxa hissəsində özünə aid torpaq sahəsində yenidən mişar daşı ilə barı hördüyü üçün həmin köhnə barı iddiaçının evinə gediş-gəliş olan dalanda neytral olaraq qalmaqla həmin barının cavabdehə heç bir aidiyyəti olmamışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh heç kimin razılığını almadan özbaşına arada olan barının üstündən 20 metr uzunluğunda iri mişar daşı (iri ağır kubiklə) beş cərgədən ibarət qanunsuz barı çəkmiş, nəticədə həmin kubiklərin ağırlığından aşağıda olan köhnə barı iri çat verərək yarıqlar əmələ gələrək əyilmiş və hər an uçmaq təhlükəsi altında qalmışdır. Halbuki, mübahisə olunan ünvana yerli baxış keçirilərkən iddiaçının mübahisələndirdiyi köhnə barının cavabdehə aidiyyəti olmadığı, iddiaçının evinə gediş-gəliş olan dalanda neytral formada qaldığı müəyyən edilmişdir. İddiaçının özü də həmin köhnə barını sökərək təhlükəni aradan qaldırmaq imkanında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı barının üstündə qanunuz çəkilmiş 20 metrlik beş cərgədən ibarət mişar daşının (kubikin) öz hesabına sökülməsi və barının əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı barının üstündə qanunuz çəkilmiş 20 metrlik beş cərgədən ibarət mişar daşının (kubikin) öz hesabına sökülməsi və barının əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1218/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1218/2025
24.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver