Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1305/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iddia icraatı qaydasına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli XRK5697322 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.089 manat olan məişət əşyası üçün 360 manat ödənilməmiş borcu vardır. Tərəflər arasında tərtib olunmuş müqavilədə göstərilən qaydada Cavabdeh ilkin 9 manat ödəmək şərti ilə 15 ay müddətinə hər ay 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh mülki işə iştirakı olmadan baxılmasını və iddia müddəti keçdiyində görə iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 9 manat ödəmək şərti ilə 15 ay müddətinə hər ay 72 manat ödəmək şərti ilə məişət əşyasını 1.089 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 360 manat təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 216 manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəflər arasında olan hazırki mübahisə üzrə iddia müddətinin keçməməsini nəzərə alaraq, hesab edir ki iddia müdətinin tətbiqinə dair Cavabdeh tərəfindən verilmiş ərizə iddianın təmin olunmaması üçün əsas deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə 15 ay müddətinə bağlanmışdır. Cavabdeh isə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 216 manat məbləğində ödəniş etmişdir. Soliton LTD» MMC isə Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, də xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli alqı-satqı müqaviləsinin icra müddətinin borcun etiraf edilməsinə dair hərəkətin edildiyi xx.xx.2022-ci il tarixə qədər, eləcə də xx.xx.2022-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixədək 3 il müddət keçməmiş, beləliklə də iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. «C.Əzimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 360 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 23 iyun 2019-cu il tarixli, XRK5697322 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 360 (üç yüz altmış) manat və cərimə qismində 30 (otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1305/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1305/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver