Məhkəmə qərarları › İş №e-2(125)-1388/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1388/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1388/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının yaşadığı Gəncə şəhəri, Dostluq küçəsi, ev 5/13-də yerləşən 8 nömrəli mənzilə itirilmiş qazın bərpası üçün hesablanmış 777,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Dostluq küçəsi, ev 5/13, mənzil 8 (Yeni qaydalarla: AZ 2017, Gəncə şəhəri, Muxtar Avşarov küçəsi, 31, M1, m1) ½ hissədə iddiaçının paylı mülkiyyətindədir. Həmin ev üzrə abonent kimi abonent kodu **********00080 olmaqla, iddiaçının X1 qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının paylı mülkiyyətində olan və yaşadığı sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və sayğacın çıxış plastmast borusunun deşildiyi barədə qeyd aparılmış, X5 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 6480 m3 (777,60 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. O, doğulduğu vaxtdan atasına məxsus sözügedən mənzildə yaşamaqla, həmin ünvanda qeydiyyatdadır. X1 04 avqust 2021-ci il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra iddiaçı atasına məxsus miras əmlakı faktiki olaraq idarə etmiş, kommunal xərcləri ödəmişdir. 2024-cü ilin başlanğıcında iddiaçı tərəfindən müəyyən edilmişdir ki, onun yaşadığı mənzilə cavabdeh tərəfindən qanunsuz borc məbləği hesablanmışdır. Məsələnin aydınlaşdırılması ilə bağlı onun tərəfindən Gəncə RQİİ-nin Gəncə xidmət sahəsinə müraciət edilmiş, həmin zaman ona məlum olmuşdur ki, guya ki, 20 oktyabr 2023-cü il tarixdə onun yaşadığı mənzilə aid sayğaca Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, həmin baxış prosesində 04 avqust 2021-ci il tarixdə vəfat etmiş X1 da iştirak etmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuş, bu barədə ******* nömrəli akt tərtib olunmuş, lakin mərhum X1 həmin aktı imzalamaqdan imtina etmişdir. Həmin yoxlama aktına əsasən, iddiaçının yaşadığı mənzilə əlavə olaraq 777,6 manat borc hesablanmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərsə də, cavabdeh qanunsuz hesablanmış borcun silinməsini təmin etməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus mənzilə dair akt saxta olduğundan (aktda 2021-ci ildə vəfat etmiş şəxsin 2023-cü ildə baxışda iştirak etməsi və aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur) həmin mənzilə məxsus qaz sayğacının zədələnməsi və ya istismara yararsız hala düşməsində iddiaçının təqsiri olmadığından, cavabdeh bu barədə hər hansı sübut təqdim edə bilmədiyindən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirib, sayğacı əvəzləyərək əvvəlki sayğacı çıxarıb aparmışlar, 4-5 ay keçdikdən sonra isə sayğaca müdaxilə olduğunu bildirmişlər, sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmiş AZ-İİ seriyalı, 206416 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının paylı mükiyyətində olan və hazırda yaşadığı ünvan 1 ünvanına quraşdırılmış G- 4 markalı, Zenner tipli, **********1 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********2 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur, digər qeydlər hissəsində isə sayğacın işləmədiyi qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 20 oktyabr 2023-cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi mərhum X2 adı qeydə alınmış, iddiaçının yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, **********1 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2-2/3-59857 rəyə əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmast borusunun deşildiyi, xətaların normaldan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 6480 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, ünvan 1 ünvanı üzrə abonent kodu **********00080 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin yanvar ayında 749 m3, fevral ayında 804 m3, mart ayında 253 m3, aprel ayında 112 m3, may ayında 12 m3, iyun ayında 0 m3, iyul ayında 0 m3, avqust ayında 0 m3, sentyabr ayında 113 m3, oktyabr ayında 6908 m3, noyabr ayında 571 m3 olmaqla, 2023-cü ilin yanvar ayından 2023-cü ilin noyabr ayına (həmin ay da daxil olmaqla) kimi 9522 m3 sərfiyyat edilmiş, sərfin məbləği 484,16 manat, qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 55,34 manat ödənilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********1 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********1 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 777,60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzil (abonent kodu **********00080 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar