Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1397/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 456,4 manat əsas, 68,4 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 456,4 manat əsas, 68,4 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 912,8 manat əsas, 136,8 manat cərimə olmaqla, cəmi 1049,6 manat borcun və 30,5 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz etdiyi üçün mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 549,4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 549,4 manat, ümumilikdə iki müqavilə üzrə 1098,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 31 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 31 manat ödəniş etmiş və qalıq qalmış 912,8 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə minimum 50 qəpik gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin iki müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1368 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmiş, və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 136,8 manat cərimə ödənilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə hər iki müqavilə üzrə ümumilikdə 1049,6 manat məbləğində borcu yaranmışdır. Cavabdehin etirazını isə qəbul etmirlər. Servisin əməkdaşları qızıl zəmanət olsa belə mobil telefona kənar müdaxilə olduqda onu qəbul etmirlər. Cavabdeh isə mobil telefonu mağazaya qoyub getmiş, hər hansı təhvil-təslim aktı imzalamamışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixdə nisyə alğısatqı müqaviləsi üzrə «qızıl zəmanətlə» 2 ədəd «Samsung» markalı mobil telefon almışdır. Həmin telefonları aldıqdan təxminən iki ay sonra telefonlardan biri öz-özünə sönmüşdür. Telefon qüsurlu olduğundan və qızıl zəmanətlə alındığı üçün həmin telefonu satıcıya qaytarmışdır. Telefonu ondan alıb servisdə yoxlayaraq ona bildirmişlər ki, guya telefona servisdən kənar müdaxilə olunmuşdur. Halbu ki, o, telefonu aldıqdan 2 ay sonra telefon özözünə sönmüş hər hansı bir müdaxilə olunmamışdır. Əgər telefon ona zəmanətlə satılmışdırsa nəyə görə telefona servizdən kənar müdaxilə etməli idi. O, iddiaçı tərəfdən ona satılmış qüsurlu telefonun qüsurunu aradan qaldırılmasını və ya yenisi ilə əvəz edilməsini tələb etsə də heç bir nəticəsi olmamış, bundan imtina etmişlər. Buna görə də o, iddiaçıdan aldığı həmin qüsurlu telefonu geri qaytarmışdır. Hazırda istifadəsində olan digər telefona görə ödəniş etməyə etirazı olmadığını qüsurlu telefona görə iddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqavilələrindən və ona əlavə olunmuş ödəniş cədvəllərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə hər bir müqavilə üzrə hər ay 31 manat ödəmək şərti ilə 2 ədəd “Samsung” markalı mobil telefon satılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh hər bir müqavilə üzrə 456,4 manat əsas borcu, 684,00 manat cərimə borcu qalmışdır. Yurd Servis MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, HHP33192 nömrəli texniki rəydən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Samsung” SM-A225 markalı telefonda olan qüsurun səbəbi sihaza servisdən kənar müdaxilə edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyn edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər bir müqavilə üzrə hər ay 31 manat ödəmək şərti ilə 2 ədəd “Samsung” markalı mobil telefon satılmışdır. Cavabdeh həmin mobil telefonları aldıqdan sonra telefonlardan biri qüsurlu olduğu üçün ödənişi dayandırmışdır. Həmin telefonlardan biri qüsurlu olduğundan və zəmanətli olduğu üçün cavabdeh onu iddiaçıya qaytarmış, lakin iddiaçı tərəfindən telefonda olan qüsur aradan qaldırılmadığından və yenisi ilə əvəz olunmadığından cavabdeh həmin qüsurlu telefonu iddiaçıya qaytarmışdır. İddiaçı iddia edir ki, cavabdeh telefona servisdən kənar müdaxilə edərək onun təqsiri hərəkəti nəticəsində telefonda qüsur yaranmışdır. Ona görə də cavabdeh aldığı malın dəyərini iddiaçıya ödəməlidir. Cavabdeh isə dəfələrlə iddiaçıya müraciət edərək qüsurun aradan qaldırılmasını və yaxud telefonun yenisi ilə əvəz olunmasını tələb etdiyini, iddiaçının nəinki telefonun yenisi ilə əvəz olunmasını hətta telefonda olan qüsurun belə aradan qaldırılmadığını göstərərək iddia tələbini mübahisələndirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. MM-in 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. MM-in 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-in 589.2-ci mddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun İstehlakçıların hüquqlarından bəhs edən 3-cü və 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir; Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında malların nisyə alğı-satqısı barədə müqavilə olmuş iddiaçının müqavilə üzrə cavabdehə verdiyi mal qüsurlu olmuşdur. Halbu ki, yuxarıda qeyd olunan qanunvericilikdə göstərilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehdən xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə «Samsung» A225 BLACK 64GB **********35239 İMEİ kodlu telefona görə 456,4 manat əsas, 68,4 manat cərimə olmaqla, cəmi 524,8 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə «Samsung» A225 BLACK 64GB **********35239 İMEİ kodlu telefona görə 456,4 manat əsas, 68,4 manat cərimə olmaqla, cəmi 524,8 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1397/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1397/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver