Məhkəmə qərarları › İş №e-2(125)-1400/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1400/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1400/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 29 mart 2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 792 manat, cərimə qismində 139 manat, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 19 manat, cəmi 950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı arasında 29 mart 2022 il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində öz əksini tapmış ehtiyat hissələrini Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə 792 manat məbləğində ehtiyat hissələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. 06 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 792 manat təşkil edir. Cavabdehə dəfələrlə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və 03 noyabr 2022-ci il tarixdə yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. 29 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən miiəyyən edilmiş müddət ərzində ehtiyat dəyəri ödənilmədiyi təqdirdə Cavabdeh İddiaçınə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 faiz məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 07 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramında iddiaçının nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 29 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 4 ay ərzində hissə-hissə ödəmək şərtilə ehtiyat hissələrini 792 manat məbləğinə İddiaçındən almışdır. Həmin mal 29 mart 2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh İddiaçınə borcu barədə 06 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 hal-hazırda iddiaçıya olan borcu ödənilməmiş əsas borcun əvəzi qismində 792 manat, cərimə qismində 139 manat, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 19 manat, cəmi 950 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 139 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 29 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 792 manat, cərimə qismində 10 manat, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 19 manat, cəmi 821 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 29 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 792 (yeddi yüz doxsan iki) manat, cərimə qismində 10 (on) manat, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 19 (on doqquz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 851 (səkkiz yüz əlli bir) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar