Məhkəmə qərarları › İş №e-2(125)-1416/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1416/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1416/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 170 manat ödənilməmiş əsas, 17 manat cərimə olmaqla, ümumilikdə 187 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə LG markalı kondisionerinin nisyə alğı-satqısı barədə 00692410 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2430 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 135 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 2260 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 2430 manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 170 manat əsas, 17 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilməmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1416/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh həmin əşyanı təhvil almışdır, sadəcə onun imzaladığı təhvil-təslim aktında texniki olaraq məhsulun adı qeyd edilməmişdir. Əşyanı cavabdehin təhvil almasını onun həmin əşyaya görə borcunun xeyli hissəsini ödəməsi də təsdiq edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin imzaladığı nisyə alğı-satqı müqaviləsinə və ona əlavəyə (ödəniş cədvəli) görə satıcı alıcıya qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin sözügedən müqavilə üzrə borcu – 170 manat əsas və 17 manat dəbbə (güzəştlə) pulu olmaqla, cəmi 187 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmiş, habelə şərait yaradılsa da əşyanın ona təhvil verilməməsi barədə hər hansı etirazını məhkəməyə bildirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 170 manat əsas və 17 manat cərimə olmaqla, cəmi 187 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 170 manat əsas və 17 manat cərimə olmaqla, cəmi 187 (bir yüz səksən yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar