Məhkəmə qərarları › İş №e-2(125)-145/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-145/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-145/2025 04.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2023-cü il tarixli ALY-1743 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05 aprel 2023-cü il tarixli ALY-1743 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 mart 2024-cü il tarixə 167.63 manat gecikdirilmiş əsas, 20.50 manat dəbbə pulu, ümumilikdə 188.13 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-4412/2024 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət təmin edilməmiş və qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-4412/2024 saylı qərardadından verilən şikayət yalnız Cavabdeh tərəfindən imzalandığına, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə aidiyyətinə dair birinci instansiya məhkəməsinin qərardadından verilən şikayət vəkil tərəfindən tərtib olunmamaqla imzalanmadığına və şikayətə vəkil orderi əlavə edilmədiyinə görə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-4412/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-4412/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İşin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı nümayəndəsi X1 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir.Onunla telefon əlaqəsi saxlanılmış, cavabdeh Bakı şəhərində olduğundan məhkəməyə gələ bilmədiyini bildirmiş, işin məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmə hazırlıq iclasını xx.xx.2025-ci il tarixə təxirə salmışdır. İddiaçı nümayəndəsi X1 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizədən əlavə İddiaçı MMC ilə onun arasında bağlanmış 05 aprel 2023-cü il tarixli ALY- 1743 saylı “Daxili lizinq” müqaviləsi ilə onun istifadəsinə verilmiş nəqliyyat vasitəsini kommersiya məqsədləri üçün istifadə etdiyi barədə sənədləri də məhkəməyə göndərmişdir. Məhkəmə iclasında sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur, həmçinin cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ********** saylı VÖEN verilmişdir. Bundan başqa lizinq obyekti olan yükdaşıma avtomaşını kommersiya məqsədləri üçün istifadə edilmişdir. Bu baxımdan Mülki Prosessual qanunvericiliyin tələblərinə görə hazırkı iddia ərizəsinə məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsində baxılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmiş, vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli qərarın 28-ci bəndində qeyd edilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmə yuxarıda qeyd olunanları və Cavabdeh vergi ödəyicisi kimi fəaliyyətini dayandırsa da, hazırda sahibkar kimi qeydə alındığını ı nəzərə alaraq hesab edir ki, mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar