Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1613/2022 01.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Cavabdeh3 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin iddiaçı «Paşa Sığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 məxsus etibarnamə ilə Cavabdeh2 etibar edilən Cavabdeh1 məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində **-RL-*** dövlət qeydiyyat nişanlı “Ford Tourneo” markalı və **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E220 CDİ” markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-RL-*** dövlət qeydiyyat nişanlı “Ford Tourneo” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 1430 manat məbləğində müəyyən edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 5208 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün ümumilikdə 5000 (beş min) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxslərin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehlərə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdehlər tələb olunan məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzi sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edildiyindən mülkiyyətçidən və etibarnamə ilə etibar edilən şəxs olan Cavabdeh3, Cavabdeh2 və sürücü Cavabdeh1 subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) X2 izahat verərək bildirdi ki, Cavabdeh1 Cavabdeh3 mülkiyyətində olan avtomaşını onun razılığı və məlumatı olmadan avtomaşın təmiri sexindən özbaşına götürüb idarə etmişdir. Bu səbəbdən hazırkı iddia üzrə Cavabdeh3 pul tutula bilməz. Bu səbəbdən iddia tələbinin Cavabdeh3 münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirmiş, mülki iş üzrə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklərini, bu səbəbdən məhkəmə iclasının onların iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə bu səbəbdən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə sürücü X12 idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz-şəhər istiqamətində, Mərdəkan qəsəbəsi istiqamətində, bir istiqamətli, 5 zolaqlı yolun sağdan 4cü zolağı ilə saat 90 km sürətlə hərəkətdə olan zaman bir qədər arxada eyni istiqamətdə olan yolun 3-cü zolağında sürücü Cavabdeh1 idarə etdiyi “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 3-cü zolaqdan sol istiqamətdə manevr edərək idarə etdiyi avtomobili yolun sol istiqamətində olan 5-ci zolaq istiqamətinə yönəltmişdir, “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil 4-cü zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa hissəsindən sol istiqamətdə manevr edən zaman, “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı, 4-cü zolaqda hərəkətdə olan sürücü X4 idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı arxa sağ qanadına çırpılmış, sürücü Nicat Əlili idarə etdiyi “Mercedes” markalı avtomobilin idarə etməsini itirmiş və “Mercedes” markalı avtomobil yolun sol istiqamətində fırlanaraq 5-ci zolaq istiqamətinə yönəlib sol istiqamətdə yolda istiqamətləri ayıran dəmir maneəyə çırpılmış, dəmir maneəyə zərblə çırpılan və “Mercedes” markalı avtomobili yolun sağ istiqamətində yenidən fırlanaraq 4-cü zolağı keçib yolun 3-cü zolağında hərəkətdə olan sürücüsü X6 idarə etdiyi “Ford Tourneo” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadına çırpılmışdır. Bundan sonra hər iki avtomobil yolda dayanmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Baş vermiş hadisə zamanı “Renault Megane" minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmiş sürücü Cavabdeh1 hadisədən sonra idarə etdiyi avtomobili yolun 1-ci zolağına yönəldib, yolun kənarında avtomobili saxlasa da, sonradan sürücü Cavabdeh1 idarə etdiyi avtomobil ilə hadisə yerindən getmiş və bu səbəblərdən də, Cavabdeh1 hadisə zamanı ayıq olub-olmamasını yoxlamaq mümkün olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı yol-nəqliyyat hadisələri ilə əlaqədar əməllərdə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən məlumat ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı yolda manevr qaydalarını pozan, idarə etdiyi “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi, etibarnamə olmadan, idarə etmiş və hadisədən sonra hadisə yerindən yayınmış Cavabdeh1 əməlində AR İXM-nin 332.4 və 327.6-cı maddəsinin tərkibi yarandığı müəyyən edilmişdir. Araşdırma zamanı “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 əməlində isə AR İXM-nin 335.3-cü maddəsinin tərkibinin yarandığı müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Bakıxanov qəsəbəsi ərazisində avtomobil təmiri sexində usta işləyir və onun avtomobil idarə etmək üçün ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə işdə olan zaman tanışı Surac özünəməxsus “Renault Megane" minik markalı **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir üçün ona vermişdir. O, avtomobili təmir etdikdən sonra avtomobili yoxlamaq məqsədilə sexdən çıxarmışdır. Aeroport yoluna getmiş və həmin vaxt yanında Əfsanə adlı qadında olmuşdur. Əfsanə avtomobilin qabaq oturacağında əyləşmişdir. O, avtomobili “Komsomol” dairəsinə tərəf sürmüş, orada dayanacaqda 3 nəfər tanımadığı şəxs ondan xahiş etmişdir ki, həmin şəxsləri “Qala” qəsəbəsi dayanacağına aparsın. O, 3 nəfər şəxsi “Qala” qəsəbəsi dayanacağına aparmaq üçün avtomobildə əyləşdirmişdir. İdarə etdiyi “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz-Şəhər istiqamətində Mərdəkan qəsəbəsi istiqamətində, 1 istiqamətli, 5 zolaqlı yolun sağdan 3-cü zolağı ilə saatda 90 km sürətlə hərəkətdə olmuşdur. O, idarə etdiyi avtomobili 3-cü zolaqdan sol istiqamətə yönəldib, yolun 5-ci zolağına keçmək istəmiş, idarə etdiyi avtomobil ilə yolun 4-cü zolağına keçib 5ci zolağa daxil olduqda idarə etdiyi avtomobilin sol qabaq qanadı bir qədər qarşıda 4-cü zolaqda hərəkətdə olan “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanadına dəymişdir. Toqquşmadan sonra “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil sol istiqamətə tərəf fırlanmışdır. “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun solunda istiqamətləri ayıran maneəyə çırpılmışdır. O, avtomobilin sürətini azaltmışdır. “Mercedes” markalı avtomobil dəmir maneəyə dəyəndən sonra onun qarşısında sağ istiqamətə tərəf yönəlmişdir. Bu zaman arxada hərəkətdə olan “Ford” Tranzit markalı avtomobilin qabaq sağ qanadına çırpılmış və avtomobillər yolda dayanmışdır. O, idarə etdiyi avtomobili yolun sağ istiqamətində sürmüş, yolun tam kənarında dayandırmışdır. İdarə etdiyi avtomobilin qabaq sağ qanadına çırpılmış və avtomobillər yolda dayanmışdır. İdarə etdiyi avtomobili yolun sağ istiqamətində sürüb tam kənarında dayandırmışdır. Avtomobilində olan 3 nəfər tanımadığı sərnişinlər avtomobildən düşüb getmişlər. “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilə yaxınlaşıb aqressiv formada onun avtomobildən düşməsini tələb etdiyi üçün sürücülük vəsiqəsi və digər sənədləri olmadığından o, avtomobili hadisə yerindən sürüb getmişdir. Hadisə zamanı o və avtomobilin salonunda olan şəxslər xəsarət almamışdır. X13 xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə saat 18:40 radələrində idarə etdiyi özünəməxsus “Ford Tourneo” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz-Şəhər istiqamətindən, Mərdəkan qəsəbəsi istiqamətində, 1 istiqamətli, 5 zolaqlı yolun sağdan 4-cü zolağı ilə saat 90 km sürətlə hərəkətdə olmuşdur. 8-10 metr aralı məsafədən, eyni istiqamətdə 3-cü zolaqda hərəkətdə olan boz metalik rəngli “Renault Megane" markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobil 3-cü zolaqdan, 4-cü zolaq istiqamətində döndərmiş, 5-ci zolaq istiqamətində hərəkət etmək istəmişdir. “Renault Megane" markalı avtomobil 4-cü zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxasından keçmiş, 5-ci zolaq istiqmətində manevr etmək istəyən zaman “Renault Megane" markalı avtomobilin qabaq sağ qanadı, “Mercedes” markalı avtomobilin arxa buferinin sol tərəfinə çırpılmışdır. “Mercedes” markalı avtomobilin sürücüsü avtomobilin idarə etməsini itirmişdir. Belə ki, “Mercedes” markalı avtomobil sol istiqamətə sürüşüb, 5-ci zolaq istiqamətdə yönəlib, yolun solunda olan dəmir maneəyə çırpılmış, zərbənin təsirindən “Mercedes” markalı avtomobil yenidən sağ istiqamətdə 4-cü zolağa daxil olmuşdur. O, idarə etdiyi avtomobilin sürətini azaltmış idarə etdiyi avtomobili yolun 3-cü zolağına yönəltsə də, 4-cü zolaqdan 3-cü zolağa yolda sürüşərək daxil olan “Mercedes” markalı avtomobil 3-cü zolaqda onun idarə etdiyi avtomobilin qabaq sol qanadına çırpılmış və hər iki avtomobil tam dayanmışdır. “Renault Megane" markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yolun sağ istiqamətinə yönəltmiş, sağdan 1-ci zolaqda yolun kənarında avtomobili saxlasa da, bir qədər sonra sürücü idarə etdiyi “Renault Megane" markalı avtomobili sürüb hadisə yerindən uzaqlaşmışdır. Baş vermiş hadisə zamanı avtomobildə tək olmuşdur və hadisə zamanı xəsarət almamışdır. “Renault Megane" markalı avtomobil “Mercedes” markalı avtomobilin arxasına çırpılan zaman o, hadisəni təxminən 8-10 metr aralı məsafədən görmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsindən bir qədər sonra yolun sağdan 4-cü zolağında “Fort Fujen” markalı avtomobil arxadan “Porşe” markalı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. X4 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ünvan 4 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə saat 18:40 radələrində idarə etdiyi özünəməxsus “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz-Şəhər istiqamətində Mərdəkan qəsəbəsi istiqamətində 1 istiqamətli, 5 zolaqlı yolun sağdan 4-cü zolağı ilə saatda 90 km sürətlə hərəkətdə olmuşdur. Qəfil bir qədər arxada eyni istiqamətdə hərəkətdə olan boz metalik rəngli “Renault Megane" markalı avtomobil idarə etdiyi avtomobilin sol arxa qanadına çırpılmış və o, avtomobilin idarə etməsini bir anlıq itirmiş və idarə etdiyi avtomobil yolda sol istiqamətdə, 5-ci zolaq istiqamətində fırlanmış və avtomobilin arxası və sonra qabaq hissəsi istiqamətləri ayıran dəmir maneəyə çırpılmışdır. Dəmir maneəyə çırpılandan sonra avtomobil yenidən yola fırlanaraq 5-ci zolaqdan sağ istiqamətə tərəf hərəkət etmiş və yolda 3-cü zolaqdan avtomobil yenidən yolda fırlanaraq 5-ci zolaqdan sağ istiqamətə tərəf hərəkət etmiş və yolda 3-cü zolaqda hərəkətdə olan "Ford Tranzit" markalı avtomobilinin qabaq sağ qanadına çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra onun idarə etdiyi "Mercedes" markalı və "Ford Tranzit" markalı avtomobillər 3-cü zolaqda tam dayanmışlar. “Renault Megane" markalı avtomobil isə yolun sağ istiqamətində hərəkət edib 1-ci zolaqda yolun kənarında dayanmışdır. O və "Ford Tranzit" markalı avtomobilin sürücüsü avtomobildən düşüb “Renault Megane" markalı avtomobilə yaxınlaşmışlar. “Renault Megane" markalı avtomobilin salonunda sürücüdən başqa qabaq oturacaqda qadın əyləşmişdi. “Renault Megane" markalı avtomobilin sürücüsü avtomobili sürüb hadisə yerindən qaçıb yayınmışdır. Bu zaman Mərkəz-Şəhər istiqamətindən yolun sağdan 4-cü zolağında "Fort Fujen" markalı avtomobil arxadan "Porşe markalı avtomobilə çırpılaraq yenidən yol nəqliyyat hadisəsi baş vermişdir. "Fort Fujen" markalı avtomobil arxadan "Porşe markalı avtomobilə çırpılması ilə baş vermiş yol nəqliyyat hadisəsi, ona məxsus olan "Mercedes" markalı, “Renault Megane" markalı və "Fort Tranzit" markalı avtomobillərin toqquşmasına aidiyyatı yoxdur. "Fort Fujen” markalı avtomobil arxadan “Porşe” markalı avtomobilə çırpılması birinci yol nəqliyyat hadisəsindən bir qədər sonra baş vermişdir. Baş vermiş hadisə zamanı avtomobildə tək olmuş, hadisə zamanı bədən xəsarətləri almamışdır. “Renault Megane" markalı avtomobil bir qədər sonra hadisə yerindən qaçıb yayınmışdır. xx.xx.2020-ci il tarixli Cavabdeh2 izahatından görünür ki, “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə 14200 manata Təbriz adlı şəxsdən almışdır. Avtomobilin 7000 manatını Təbriz adlı şəxsə ödəmişdir. Təbrizlə aralarında olan şifahi razılaşmaya əsasən avtomobilin pulunu tam ödədikdən sonra “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına rəsmiləşdirəcəkdir. Cavabdeh1 onun tanışıdır. Onun sürücülük vəsiqəsindən onun xəbəri yoxdur. Cavabdeh1 avtomobilin ustasıdır. O, dəfələrlə özü avtomobili Aydına təmir üçün vermişdir. Avtomobil təmir olunduqdan sonra yoxlanılması üçün Aydına avtomobili idarə etməsi üçün icazə vermişdir. xx.xx.2020-ci il tarixdə “Renault Megane" minik markalı **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir üçün Bakıxanov qəsəbəsində vermişdir. Təmirdən sonra Aydın həmin avtomobili sürməsi üçün Aydına icazə vermişdir. xx.xx.2020ci il tarixdə Cavabdeh1 ona məxsus “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi barədə 1 gün sonra polis əməkdaşları tərəfindən məlumat almışdır. Aydının sürücülük vəsiqəsinin olub-olmamasını bilmədən Aydına avtomobilə icazə verdiyinə görə səhvini etiraf etmişdir. Cavabdeh3 13 oktyabr 2022-ci il tarixli etiraz ərizəsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona, digər cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı ödənilmiş 5000 manat sığorta pulu və digər xərclərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddia tələbini özünə qarşı əsassız hesab edir. Belə ki, iddia tələbinin əsaslandırma hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Aviasiya Akademiyasının yaxınlığında şose yolda zəncirvari yol nəqliyyat hadisəsi baş vermiş, və avtomobillərə ziyan dəymişdir. Hadisənin baş verməsində təqsiri olan sürücü Cavabdeh1 idarə etdiyi və zəncirvari yol nəqliyyat hadisəsinin törədilməsində ilkin səbəb olmuş “Renault Megane" markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur. Həmin avtomobil 7E-3114 nömrəli, 09 may 2020-ci il tarixli etibarnamə əsasında sürücülük hüququ ilə Cavabdeh2 idarəçiliyinə vermişdir. Avtomobili həmin etibarnamə əsasında faktiki olaraq satmış və bundan sonra onun Suracla heç bir münasibəti, əlaqəsi olmamışdır. Avtomobil bankda kreditdə olduğu üçün atqı-satqı edə bilməmişdir. Hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, hadisə günü avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 heç bir qanuni əsas olmadan, etibarnamə vermədən, sürücülük hüququ verən sənədə malik olmayan Cavabdeh1 təmir işləri görülməsi üçün vermişdir. Sonuncu isə guya avtomobili təmir etmiş, sonra tanışı olan xanımı və daha tanımadığı 3 nəfər şəxsi avtomobilə mindirərək təmirdən sonra avtomobilin sazlığını yoxlamaq fikrinə gəlmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, “Renault Megane" markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da o, həmin avtomobili etibarnamə əsasında qanuni şəkildə Cavabdeh2 idarəçiliyinə vermişdir. Cavabdeh2 isə qanunsuz olaraq avtomobilə sürücülük hüququ olmayan Cavabdeh1 onun məlumatı, icazəsi və razılığı olmadan, etibarnamə vermədən idarəçiliyə vermişdir. Cavabdeh2 avtomobili sürücülük hüququ olmayan şəxsə-Cavabdeh1 qanunsuz idarə etməyə verdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3 maddəsi ilə təqsirli bilinərək barəsində olan materiallar Xəzər rayon DYPŞ-nə göndərilmişdir. Belə olan halda onun baş vermiş yol-nəqliyyat hadisəsində heç bir maddi məsuliyyəti nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində saat 18:40-da “Renault Megane" minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X7 məxsus “Mercedes Benz E220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 3922,87 manat köçürülmüşdür. xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, X9 məxsus “Ford Tourneo” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 1077,13 manat köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Nəsimi filialına 3922,87 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Nizami filialına 1077,13 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2020-ci il tarixli, 105855 nömrəli “zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymələndirilməsinə dair” hesabatdan görünür ki, yol-nəqliyyat hadisəsi “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 3028 manat, görülən işlərin qiyməti 2180 manat, cəmi 5208 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 105855 nömrəli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymələndirilməsinə dair” hesabatdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Ford Tourneo” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 840 manat, görülən işlərin qiyməti 590 manat, cəmi 1430 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 1/1966 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktın surətindən görünür ki, X13 ayıq vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli 1/1962 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktın surətindən görünür ki, X12 ayıq vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus “Renault Megane" minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sağ qanadında və sağ buferində sıyrılma aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokolun surətindən görünür ki, X9 məxsus “Ford Tourneo” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmş və müəyyən edilmişdir ki, avtomobilin sol qabaq qanadı əzilmişdir. xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokolun surətindən görünür ki, X7 məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin arxa bufer, arxa sağ qanadı, qabaq hissəsi, qabaq qapıları əzilmişdir. AD seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane" minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh3dur. Nəqliyyat vasitələri barədə kompüter çıxarışından görünür ki, Cavabdeh3 mülkiyyətində “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olan Cavabdeh2 adına etibarnamə vermişdir. AD seriyalı 365988 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Tourneo” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10r. AC seriyalı 557858 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin olunmalı, digər cavabdehlərə münasibətdə isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-də 07 yanvar 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Renault Megane" minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 avqust 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X13 tərəfindən idarə olunan “Ford Tourneo” markalı **-RL- *** dövlət qeydiyyat nişanlı və X12 tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Bununla bağlı Xəzər rayon DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, Cavabdeh1 hadisə yerini tərk etmişdir. Nəticədə "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslərin avtomobillərinin zədələnməsi ilə əlaqədar təmir üçün cəmi 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Lakin iddiaçı zərərin əvəzini ödənilməsini yalnız Cavabdeh1 tələb edə bilər. Çünki avtomobilin mülkiyyətçisi Cavabdeh3 ona məxsus avtomobili Cavabdeh2 qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsə etibarnamə əsasında vermişdir. Lakin digər Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən heç bir hüququ əsas olmadan yalnız ona təmir üçün verilmiş avtomobili mülkiyyətçidən və qanuni sahibdən icazə almadan idarə etmiş və baş vermiş sığorta hadisəsi zamanı isə hadisə yerindən yayınmışdır. Belə olan halda zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırki iş üzrə mülki hüquq pozuntusunda (deliktdə) təqsiri müəyyən olunmadığından iddia tələbində qeyd olunan məbləğ onlardan tutula bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu 18 aprel 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlmişdir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 5000 manat sığorta ödənişi tutulmalı, iddia tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissi nəzərə alınmaqla, ödənilmiş 0,40 manat xidmət haqqının və 70 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat və məhkəmə xərci (dövlət rüsumu) qismində 70,40 (yetmiş manat qırx qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1613/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1613/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver