Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1824/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, cavabdehdən xx.xx.2022-ci il tarixli, GNK5967200 saylı nisyə alqısatqı müqaviləsinə əsasən əsas borc üzrə 900 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 930 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış GNK5967200 nömrəli müqavilədə cavabdeh ümumi qiyməti 1369 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin ilkin 19 manatını ödəməsini, qalan 1350 manat borcunu isə hər ay 75 manat olmaqla 18 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. Əşya – “Samsung” markalı led televizor təhvil-təslim aktı əsasında xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 900 manat borcu qalıb. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq hazırkı maddi durumunun, şəkər və qığırdaq yeyilməsi xəstəliyinin, onunla yaşayan qızının epilepsiya xəstəsi olmasının, oğlunun işləməməsinin, əlavə gəlir mənbəyinin olmamasının nəzərə alınaraq iddiaçı MMC tərəfindən yeni bir ödəniş qrafiki tərtib edilməklə hər ay aşağı həddə (maksimum 40 manat) ödəməklə kredit ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, Elşən adlı şəxs (soyadını bilmir) onunla qonşuluqda yaşamış və oğlu ilə dostluq etmişdir. O, heç bir yerdə işləmədiyindən ondan xahiş etmişdir ki, məişət şəratini yaxşılaşdırmaq üçün onun adına kreditlə mağazadan soyuducu götürmək istəyir, aylıq ödənişləri də edəcəkdir. Elşən haqqmda narahat fikirlərdə olmadığı üçün həm qonşu kimi, həm də oğlunun xatirinə buna razılıq vermişdir. O, təqaüdçüdür. Elşən subay oğlan idi, anası ilə bərabər yaşayırdı. Qonşuluq xatirinə onunla bərabər cavabdeh MMC-nin Gəncə şəhərində yerləşən filialına müraciət etmişlər. Elşən onun adına və onun imzası ilə dəyəri 1369 manat olan soyuducunu 18 (on səkkiz) ay müddətinə hər ay 75 (yetmiş beş) manat ödəmək şərti ilə kreditlə götürmüşdür. Soyuducu götürüldükdən sonra Elşən ona bir daha vəd etmişdir ki, krediti aybaay ödəyəcəkdir, narahat olmasın. Doğrudan da ilk aylar Elşən krediti vaxtlı-vaxtında gecikməyə düşmədən ödəmişdir. Təqribən 4 ay cədvəldə göstərilən məbləği, yəni hər ay 75 (yetmiş beş) manatı ödəmişdir. Sonra isə ödəməmiş və özü də yoxa çıxmışdır. Kreditin aylıq ödəniş vaxtı gəlib yetişdikdə ondan heç bir xəbər çıxmamışdır. Hər dəfə qonşuluqda olan anasına müraciət edəndə anası da bildirirdi ki, Bakıdadır, orada işləyir, ödəyəcək. Lakin Elşən ödəməmişdir. Elşən verdiyi vədin üstündə durmamış, onu çətin vəziyyətə salmışdır. Aylıq kredit borcunu Elşənin əvəzində ödəmək məcburiyyətində qalmışdır. Elşəndən səs-soraq yox idi, o da narahat bir vəziyyətdə Elşənin əvəzinə borc ödəmişdir. Beləliklə, təqribən 4-5 ay müddətində aylıq kredit borcunu ödəmiş, sonra isə daha ödəyə bilməmişdir, ona görə ki, iki ayağı xəstə olduğundan (qığırdaq yeyilib) və yeriməkdə çətinlik çəkdiyindən müalicə götürmək məcburiyyətində qalmışdır. Bundan başqa, o həm də şəkər xəstəsidir. Artıq iki ildir ki, şəkərdən, bir ildir ki, ayaqlarından əziyyət çəkir. Aldığı pensiya dava-dərmana, müalicəyə xərclənmişdir. Oğlu heç yerdə işləməmiş, fəhləlik etmişdir. İş olanda günəmuzd getmiş, iş də olmayanda həftələrlə evdə qalmışdır. Qızının 33 yaşı var, bir övladı ilə bərabər onlarla yaşayır. Onun həyat yoldaşı vəfat etmişdir, özü isə epilepsiya xəstəsidir. Aylıq borcu ödəmək məhz bu səbəblərdən problemə çevrilib. Oğlunun maddi vəziyyəti heç olmasa, orta olsaydı belə, yenə də Elşən kimi sözünün üstündə durmayan və yükü onların üstünə - xəstələrin üstünə atan şəxsin əvəzinə ödəyərdi. Lakin indi mövcud vəziyyət belədir. Odur ki, ödənilməmiş məbləğlər yığılaraq qalıq borc kimi 900 manata çatıb. İddiaçı MMC də onu məhkəməyə verib, çünki sənədlər onun adınadır, imzanı də həmin sənədlərə o atmışdır. Sonralar bilmişdir ki, Elşəngil ondan gizli evi satıb gediblər, harada yaşadıqlarını isə bilmir. Bu barədə heç kimin məlumatı yoxdur. O isə özü şəkər xəstəsi, ayaqları xəstə, qızı epileptikdir, oğlu işləmir, bunun müqabilində hər ay pensiyasından 75 manat kredit borcunu ödəmək çətinliyində qalmışdır. Onun dövlətin verdiyi pensiyadan savayı heç bir gəlir yeri yoxdur. Odur ki, iddiaçı MMC-yə ödənilmiş 900 (doqquz yüz) manat qalıq borcu ödəməklə tam olaraq maddi cəhətdən iflasa uğramış olur və bunun üçün də o digər bir mənbələrdən borc tapmaq məcburiyyətində qalır. Bu isə indiki halda mümkün deyil. Vəziyyəti çox çətindir. O isə krediti ödəməkdən boyun qaçırmır, lakin indiki halda yaranmış vəziyyətlə əlaqədar aylıq kredit borcunu 75 manatla ödəmək iqtidarında deyil. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1824/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı sübut və vəsatətinin olmadığını bildirərək iddiasını müdafiə etdiyini, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini qəbul etdiyini bildirdi və məhkəmədən borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 900 manat əsas (qalıq) borcu vardır. İddia tələbinə görə cavabdeh tərəfindən müqavilə üzrə qismən ödəniş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə bugünə kimi ümumilikdə 900 manat qalıq borcunun olması bildirilmiş, göstərilənlərin nəzərə alınaraq bu pretenziya məktubunun ünvanına daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində ümumi borcu olan 900 manat pul məbləğinin iddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, tələb olunan pul məbləğinin qeyd edilən tarixdə ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də ondan tələb olunacağı barədə məlumat verilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğə görə hər gün üçün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərmə faizləri ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada məişət əşyasının alğı-satqısı barədə müqavilə bağlandıqdan sonra, borcun etiraf edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, cavabdeh müqavilə üzrə etiraf etdiyi pul öhdəliyini lazımınca yerinə yetirməmiş, onun iddiaçı qarşısında 900 manat icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən cavabdeh sözügedən məişət avadanlığının götürüldüyünü, tələb edilən məbləğdə borcun olmasını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etirazında qeyd etdiyi halı, yəni sözügedən məişət avandanlığını əslində başqa şəxsin götürdüyünü sübut edə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 900 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1824/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1824/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver