Məhkəmə qərarları › İş №e-2(125)-1833/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1833/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1833/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 206,5 manat əsas borc, 30,9 manat cərimə, cəmi 237,4 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 13 manat əsas borc, 1,9 manat cərimə, cəmi 14,9 manat iki müqavilə üzrə borcu 219,5 manat əsas, 32,8 manat cərimə, ümumilikdə 252,3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla, cəmi 948,5 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 1 (bir) ədəd televizor üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə 3 manat olmaqla cəmi 55 manat, ümumilikdə hər iki müqavilə üzrə 1003,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 53 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 3 manat ödəniş etmiş, iki müqavilə üzrə qalıq qalmış 219,5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 328 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 328 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 32,8 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 206,5 manat əsas, 30,9 manat cərimə, cəmi 237,4 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 13 manat əsas, 1,9 manat cərimə, cəmi 14,9 manat, hər iki müqavilə üzrə olan borcu 219,5 manat əsas, 32,8 manat cərimə, cəmi 252,3 manat təşkil etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 53 manat və sonuncu ay 47,5 manat olmaqla, cəmi 948,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı televizor üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 3 manat olmaqla, cəmi 55 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 206,5 manat əsas, 309 manat cərimə, cəmi 515,50 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İşin materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 13 manat əsas, 19 manat cərimə, cəmi 32 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, hər iki müqavilə üzrə Cavabdeh 219,5 (iki yüz on doqquz manat əlli qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 32,8 (otuz iki manat səksən qəpik) manat (cərimə) dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 282,3 (iki yüz səksən iki manat otuz qəpik) manat borc pul tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh hər iki müqavilə üzrə 219,5 (iki yüz on doqquz manat əlli qəpik) manat əsas borc, 32,8 (otuz iki manat səksən qəpik) manat (cərimə) dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 282,3 (iki yüz səksən iki manat otuz qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar