Məhkəmə qərarları › İş №e-2(125)-1878/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1878/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1878/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 485 manat 33 qəpik, gecikdirilmiş mükafat qismində 267 manat 15 qəpik və dəbbə pulu qismində 357 manat 78 qəpik, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sərd edilmiş 2.372 manat 72 qəpik, cəmi 3.482 manat 98 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 manat 83 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4816 nömrəli «daxili lizinq» müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395 manat 96 qəpik, ümumilikdə isə 22.406 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22.406 manatın 17.000 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında AS-4816 nömrəli «öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlanmış və 29 yanvar 2022-ci il tarixli MAS-4816 nömrəli «daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.372 manat 72 qəpik məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS- 4018 nömrəli «daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə ümumilikdə 1.110 manat 26 qəpik məbləğində gecikmə borcu yaranmışdır. «Daxili lizinq» müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. «Daxili lizinq» müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablanmaqla cərimə ödəyir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X5 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə X3, o və İddiaçı MMC arasında AS-4816 nömrəli «öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlanmış və 29 yanvar 2022-ci il tarixli MAS-4816 nömrəli «daxili lizinq» müqaviləsi üzrə bütün öhdəliklər onun öz üzərinə götürmüşdür. Həmin müqavilə üzrə «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Sözügedən avtomobil onun istifadəsində olan zaman o, avtomobilə yaxşı qulluq etmiş, belə ki onun təmiri və bərpası üçün kifayət qədər yüksək məbləğdə xərc çəkmişdir. Hazırda avtomobil iddiaçıdadır və o, iddiaçı tərəfin tələb etdiyi vurulan ziyanla əlaqəli olan pul məbləğini qəbul etmir və bundan başqa əsas, faiz və cərimə borclarının həddən artıq şişirdilmiş həcmdə hesablanmış olduğunu düşünür. Sonda Cavabdeh iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2022ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizin obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə görə bu lizinq müqaviləsinin əsas məbləğini 17.000 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 3.400 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 17.5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İş materiallarında olan xx.xx.2022-ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsinə əlavə olunan həmin tarixli 3 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC lizinq obyekti olan «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 manat məbləğinə, 48 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə X1 istifadəsinə və sahibliyinə vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən X2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MAS-4816 nömrəli öhdəliklərin ötürülməsi haqqında müqavilənin surətindən görünür ki, X1 İddiaçı MMC qarşısında öhdəlikləri bütövlüklə Cavabdeh keçmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, təhvil-təslim aktının surətindən görünür ki, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, «Khazar SD» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsi təhvil alınarkən ön hissəsində bəzi əlavələrin olması və bəzi yerlərində cızıqların olması aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, «Khazar SD» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumi xidmət haqqına və ehtiyyat hissələrinə ümumilikdə 2.372 manat 72 qəpik məbləğində vəsait sərf olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 421 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023cü il tarixə borcu əsas borc qismində 485 manat 33 qəpik, mükafat qismində 267 manat 15 qəpik, cərimə qismində 357 manat 78 qəpik, cəmi 1.110 manat 26 qəpikdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, MAS-4816 nömrəli öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçı MMC-yə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 485 manat 33 qəpik, gecikdirilmiş mükafata görə 267 manat 15 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdə olan xx.xx.2022-ci il tarixli, MAS-4816 nömrəli daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 357 manat 78 qəpik təşkil edən dəbbə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə görə təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Belə olan halda Cavabdeh müvəqqəti sahibliyində və istifadəsində olan «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin qarşılığında pul vəsaitinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları baxımından hazırki mübahisə üzrə Cavabdeh «Khazar SD» minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ödənilmiş 2.372 manat 72 qəpik məbləğində pul vəsaiti alınıb, İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 485 manat 33 qəpik, gecikdirilmiş mükafat qismində 267 manat 15 qəpik və dəbbə pulu qismində 5 manat, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sərf edilmiş 2.372 manat 72 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 51 manat 30 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 29 yanvar 2022-ci il tarixli, MAS-4816 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 485 (dörd yüz səksən beş) manat 33 (otuz üç) qəpik, gecikdirilmiş mükafat qismində 267 (iki yüz altmış yeddi) manat 15 (on beş) qəpik və dəbbə pulu qismində 5 (beş) manat, «Khazar SD minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sər edilmiş 2.372 (iki min üç yüz yetmiş iki) manat 72 (yetmiş iki) qəpik, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 51 (əlli bir) manat 30 (otuz) qəpik, cəmi 3.181 (üç min bir yüz səksən bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar