Məhkəmə qərarları › İş №e-2(125)-1906/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1906/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1906/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı - İddiaçı MMC-nin xeyrinə 1149 manat əsas borc, 109,32 manat faiz borcu və 60 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,10 faiz yəni 68,94 manat cərimə borcunu, ümumilikdə isə 1327,26 manat borcun və ödənilmiş 33,27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı-Express TTS MMC arasında 28 avqust 2019-cu il tarixli, 3508 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 2000,00 AZN olan “İphone X” markalı yeni mobil telefonunu 500.00 AZN ilkin ödənişlə cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh bu günə qədər əsas borcdan 351,00 AZN, faizlər üzrə borcundan 199,00 AZN, cərimə borcundan 200,00 AZN ödəniş etmişdir. Hal-hazırda, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kreditora 1149,00 AZN əsas borcu, faizlər üzrə 109,32 AZN borcu və 60 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,10 faiz, yəni 68,94 AZN cərimə borcu, ümumilikdə isə 1327,26 AZN borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh ilə İddiaçı MMC arasında 28 avqust 2019-cu il tarixli 3508 nömrəli alğısatqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ümumi dəyəri 2000,00 AZN olan “İphone X” markalı yeni mobil telefonu cavabdehə satmışdır. Ödəmələrin 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçiriləcəyi şərtləşdirilmişdir. Müqavilənin 5-ci bəndinin 2-ci hissəsinə əsasən alıcı ödəniş cədvəlində nəzərdə tutulmuş əsas məbləğin və ona hesablanmış faizlərin bu Müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini pozduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,10 faiz miqdarında cərimə ödəyir. Ödəniş vaxtının gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər “Ödəniş cədvəlinə” uyğun olaraq 12 ay müddətinə hər ay 150,69 manat olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh bağlanmış 28 avqust 2019-cu il tarixli 3508 saylı alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə, kreditor Express-TTS MMC-yə əsas məbləği 1149 AZN, faizlər üzrə 109,32 AZN və 60 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,10 faiz yəni 68,94 AZN cərimə, ümumilikdə isə 1327,26 AZN borcu təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 33,27 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh 1149 (min yüz qırx doqquz) manat əsas, 109,32 (yüz doqquz manat otuz iki qəpik) manat faiz borcu, 68,94 (altmış səkkiz manat doxsan dörd qəpik) manat cərimə və 33,27 (otuz üç manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1360,53 (min üç yüz altmış manat əlli üç qəpik) manat tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1149 (min yüz qırx doqquz) manat əsas, 109,32 (yüz doqquz manat otuz iki qəpik) manat faiz, 68,94 (altmış səkkiz manat doxsan dörd qəpik) manat cərimə və 33,27 (otuz üç manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1360,53 (min üç yüz altmış manat əlli üç qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar