Məhkəmə qərarları › İş №e-2(125)-200/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-200/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-200/2024 30.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15872 manat və ödənilmiş dövlət rüsumuna görə 137,62 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Əmirov X4 Taleh Aqil oğluna məxsus “Opel Astra” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, Ə.Ağaoğlu və Qarabağ küçələrinin kəsişdiyi ərazidə "xxxx" ASC tərəfindən MV-C(L) 00189-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Tucson” markalı, ** PV ***dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 20848 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nərimanov RPİ-nin cinayət işinin rədd edilməsi barədə qərarına əsasən cavabdeh Əmirov X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbləri ilə bağlı 4976 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 15872 manat məbləğ isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0531/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 2022-ci il buraxılışlı “Hyundai Tucson” markalı, ** PV ***dövlət qeydiyyat nişanlı avtomobil kasko sığortası növündə Qala Sığorta” ASC tərəfindən sığortalanmışdır. Qeyd olunan avtomobilə dəymiş zərərlə bağlı 20848 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğdən 4976 mantı subroqasiya tələblərinə əsasən «Atəşğah Sığorta» şirkəti tərəfindən ödənilmişdir. Qalan 15872 manat zərərin ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərəri ödəməmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, avtonəqliyyat hadisəsi baş verən zaman DYP əməkdaşları hadisə yerində olmuşlar və bununla yanaşı idarə etdiyi Cavabdeh1 məxsus "xxxx" ASC tərəfindən sığortalanmış “Opel Astra" markalı, ** ON *** dövlət qeydiyyatlı nişanlı avtomobilin sığorta şirkətinin əməkdaşları hadisə yerinə cəlb edilmişdir. "xxxx" ASC-nin əməkdaşları “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vizual baxış keçirdikdən sonra dəymiş zərəri qarşılamaq üçün 4000-4500 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qərar qəbul etmişdirlər. Lakin o, DYP-nin və "xxxx" ASC-nin əməkdaşlarına etiraz edərək bildirmişdir ki, təyin edilmiş məbləğ yüksəkdir və xahiş etmişdir ki, hər-hansı bir servizdən mütəxəssis dəvət olunsun və vizual baxış keçirildikdən sonra hər birinin iştirakı ilə akt tərtib edilsin. Həmçinin həmin avtomobil üçün şəxsən onun tərəfindən təmir işlərinin görülməsini belə təklif etmişdir. Dəymiş zərərin qanuni yolla həll olunmasına dair müraciətinə baxmayaraq, sığorta əməkdaşları və zərərçəkmiş şəxs ona bildirmişdirlər ki, “Sən niyə narahat olursan? Təyin edilmiş avtonəqliyyata dəymiş zərər sığorta tərəfindən qarşılanacaq.” "xxxx" ASC-nin əməkdaşları vizual baxış keçirdikdən sonra “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 4976 manat sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul etmişdirlər. Sığorta əməkdaşları məbləği elan etdikdən sonra o, zərərçəkmişlə əl sıxışaraq hadisə yerindən ayrılmışdırlar. Hadisə baş verən zaman “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığorta edən "xxxx" ASC-nin əməkdaşları hadisə yerində olmamışlar və onlar tərəfindən avtonəqliyyat vasitəsinə heç bir baxış keçirilməmişdir. Lakin, bir müddət sonra “Qala Sığorta" ASC tərəfindən 20848 manat sığorta ödənişinin həyata keçirilməsi haqqında məlumatı olan zaman o, avtomobilin təmir olunduğu Dərnəgül yolunda yerləşən Hundai servisə getmişdir. Orada avtomobilin yanında olan zaman ustalardan həmin avtomobilin tam təmiri üçün nə qədər xərc lazım olduğunu soruşmuş, ona bildirilmişdir ki, bu avtomobilin tam təmiri üçün uzağı 4000 manat xərci çıxacaqdır. Hadisə baş verən zaman tibbi müayinədən keçmişdir və sərxoş olmaması barədə müsbət rəy alınmışdır. İddiaçının iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli MV-C(L) 00189-22 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson” markalı, 77PV235 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də kasko sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, 078-28016-1122 saylı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Əmirov X4 Taleh Aqil oğluna məxsus olan “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "xxxx" MMC-yə məxsus X3 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya yüngül bədən xəsarəti yetirmiş və avtomobilin ön, sol, sağ, yan və arxa hissələrinə zərər dəymişdir. Bakı şəhəri BPİ-nin Nərimanov RPİ tərəfindən tərtib olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 188 nömrəli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. xx.xx.2022-ci il tarixli, MVC0480/22 saylı sığorta aktının surətindən görünür ki, dəymiş zərərin ümumi həcmi 20948 manat təşkil etmiş, zərər məbləğindən 100 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 20848 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 4165 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 20848 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 9220 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına sonuncunun subroqasiya tələbi üzrə 4976 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 15872 manat məbləğində zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə Gəncə Şəhər Məhkəməsinin hesabına 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2277 nömrəli rəyindən görünür ki, 2022-ci il buraxılışlı, “Hyundai” markalı, “Tucson” model, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 20688 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində "xxxx" MMC-yə məxsus “Hyundai Tucson” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20688 manat məbləğində zərər dəymişdir. İddiaçı iddia etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərlə bağlı 20848 manat sığorta ödənişi ediliş həmin məbləğdən bir hissəsi subroqasiya tləbi üzrə "xxxx" ASC tərəfindən ödənilmiş qalan 15872 manat zərər cavabdehlər tərəfindən ödənilməmişdir. Cavabdehlərdən Cavabdeh2 oğlü iddia tələbinə qarşı etiraz edərək etirazının əsası kimi dəymiş zərərin artıq hesablandığını bildirmişdir. Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinə əsasən əmlak sığortası fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak-mənafelərinin sığortasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Göründüyü kimi yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olmuş ona görədə dəymiş zərərin ödənilməsi barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Cavabdehin dəymiş zərərin yüksək məbləğdə qiymətləndirilməsinə dair etirazı ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı xüsusi bilik tələb edildiyi üçün ekspertiza təyin edilmiş, dəymiş zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. MM-in 936.2-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Cavabdeh1 münasibətdə məhkəmə hesab edir ki, avtomobil onun mülkiyyətində olsa da, qanuni əsasla yol nəqliyyat hadisəsini törətmiş şəxs Cavabdeh2 sahibliyinə vermişdir. Ona görə də Cavabdeh1 zərərin vurulmasında təqsiri olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh2 15712 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 137,14 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 15712 (on beş min yeddi yüz on iki) manat pul, müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat və 137,14 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməsin. İş üzrə xx.xx.2024-cü il tarixdə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və xx.xx.2024-cü il tarixdə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, cəmi 100 manat Cavabdeh2 tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar