Məhkəmə qərarları › İş №e-2(125)-2054/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2054/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2054/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kanalizasiya xəttinin yenilənməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətləri müsbət həll edilmədiyindən bina sakinlərinə vurulmuş zərərin 15000 manat vəsaitin Cavabdeh ASC-dən alınaraq bina sakinlərinə kompensasiya şəklində ödənilməsi, Gəncə şəhəri 102 saylı hərbi şəhərcik (DOS 102) 144-cü binanın arxa hissəsindən keçən kanalizasiya xəttinin yenilənməsi, xəttin normal istismarının təmin edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onların yaşadıqları Gəncə şəhəri 102 saylı hərbi şəhərcik (DOS 102) 144 saylı binanın zirzəmisinə kanalizasiya (çirkab sular) axır. Bu proses son 4 ildir davam edir. Dəfələrlə Cavabdeh ASC-nin 955 qaynar xəttinə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Prezident Administrasiyasının zəng mərkəzinə, Cəmiyyətin elektron poçt ünvanına 2023-cü ilin fevral ayında ərizə ilə, Cavabdeh ASC-nin WHOTSUPP əlaqə nömrəsinə tutulma ilə əlaqədar müxtəlif vaxtlarda ***-***-**-** nömrəsindən video görüntü göndərilmiş, Gəncə Su-kanal Törəmə Cəmiyyətinə çoxsaylı müraciətlər edilmişdir. Prezident administrasiyasına edilmiş müraciətlərə 05 dekabr 2022-ci il tarixli, 01-02-777 saylı məkubla cavab verilmişdir. Həmin məktubda guya baxış quyularına baxış keçirildiyi, köhnə sıradan çıxmış xətlərin yeniləndiyi, xəttin normal istismarının təmin olunduğu qeyd edilsə də bu, sadəcə müraciətin bağlanması üçün yazılmış cavab məktubu olmuşdur. Belə ki, istismara yararlı vəziyyətə gətirilmiş xəttə yenidən tutulma əvvəlkindən daha tez, yəni 20 gün müddətində baş verməsi işlərin hansı keyfiyyətlə icra olunmasının göstəricisidir. Həmin icra işindən sonra xəttə tutulma 5-10 gün müddətində təkrarən tutulmaqdadır. Gəncə Su-kanal Törəmə Cəmiyyətinin bəzən müraciətlər əsasında xəttə tutulmanı qismən-yəni xəttin (həmin xətlər keçmiş Sovetlər dövründə çəkilmiş, o vaxtdan bu günədək yenilənməmişdir. O zaman Gəncə şəhərinin 150-200 min əhalisi üçün nəzərdə tutulsa da hazırkı vaxtda həmin xətlərdən 600 min əhali istifadə edir) içərisini təmizləmək əvəzinə 1-2 əməkdaşı gəlib yalandan quyularını "xxxx" getmişlər. Məsələnin həlli istiqamətində nə Gəncə Su-kanal ASC tərəfindən, nə da Cavabdeh ASC tərəfindən heç bir tədbir görülmür. Günü gündən binanın zirzəmisi çirkab su ilə dolur, ətrafa və binaya pis qoxu yayılır. Antisanitar vəziyyət baş alıb gedir. Eyni zamanda bina zirzəmiyə axan çirkab sulara görə qəzalı vəziyyətə düşüb. Bina 40 mənzildən ibarətdir. Şəhid ailələri yaşayan binadır. Bir yandan ətrafa yayılan pis qoxu, bir yandan havaların soyuq qış aylarında belə ağcaqanad bina sakinlərini təngə gətirib. Binanın aşağı mərtəbələrində müxtəlif həşəratlar, böcəklər əmələ gəlmişdir ki, bunlar da aşyaşlı uşaqlar üçün qorxu mənbəyidir. Dəfələrlə əlaqədar qurumlara müraciət etməyinə baxmayaraq məsələ həllini tapmamışdır. Məsələnin bu cür davam etməsi binanın daha da qəzalı vəziyyətə düşməsinə, ətraf mühitin çirklənməsinə, yoluxucu xəstəliklərin yaranmasına, gələcəkdə binanın uçmasına və bina sakinlərinin evsiz qalmasına suni şəkildə şərait yaradılır. Bundan başqa binanın zirəmisinə axan çirkab suları nəticəsində binanın 1-ci və 2 ci mərtəbəsində olan mənzillərın təmiri əsaslı dərəcədə sıradan çıxmış, ünvanlarda rütubətlilik yaranmışdır. Hal-hazırda da binanın zirzəmisinə çirkab suların axması davam edir və binanın zirzəmisində 50-60 sm, bəlkə də daha çox çirkab su dolmuş, pis qoxu ətrafa yayılmışdır. Gəncə Su-kanal Törəmə Cəmiyyətinin əməkdaşlarının, şəxsən cəmiyyətin rəhbərliyinin laqeyid yanaşması, bina sakinlərini yalan, saxta məktublarla cavablandırması nəticəsində hazırda eyni xəttən yenidən çirkab sularının binanın zirzəmisinə axması davam edir. Görülən işlərin hansı keyfiyyətlə icra edildiyi göz qabağındadır. Xəttin normal istismarının təmin edilməsi məqsədilə Cavabdeh ASC-nə, Gəncə Su-kanal Törəmə Cəmiyyətinə küçə xətlərinin yenilənərək yenisi ilə əvəz olunması, üzərində tikilən qanunsuz tikililərin şökülərək mühafizə zonasının təmin edilməsi və ya xəttin əvvəlki yerinin dəyişdirilməsi xahiş olunsa da, heç bir tədbir görülməmişdir. Belə ki, ərizənin əvvəlində də qeyd etdiyi kimi Gəncə şəhərində hazırda istismarda olan köhnə xəttlər Sovetlər dönəmində, tarixlə qeyd etsə də, sonuncu dəfə xətlərdə təmir-bərpa işləri təxmini olaraq 1980-ci illərdə aparılmış, müstəqillik illərindən bu günədək heç bir yenilənmə aparılmamışdır. Cavabdeh ASC-nin bu cür özbaşına hərəkləri nəinki onun, hətta bina sakinlərinin də mənəvi istirab çəkməsinə səbəb olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, “kanalizasiya xəttinin yenilənməsi” tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin tələbə dair hissədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən hissəvi imtina edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı istehlakçıların hüquqlarının müdafiəsindən irəli gəldiyinə əsaslanaraq Cavabdeh ASC-yə qarşı kanalizasiya xəttinin yenilənməsinə dair tələblə ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil etmək və onlara nəzarəti həyata keçirmək Cavabdeh ASC-nin səlahiyyətindədir. Hazırkı tələb tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərindən deyil, təbii inhisar subyekti olan Cavabdeh ASC-nin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisədir və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, iddiaçı hazırkı tələblə Cavabdeh ASC-yə müraciət etmək, tələbinə dair həmin orqanın hərəkət və ya hərəkətsizliyi ilə razılaşmadığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, 3.2. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3.2. Bu məqsədlə Cəmiyyət tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Ali Məhkəmə Plenumunun qərarındakı mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçı mülki (öhdəlik) hüquq münasibətlərində olmadığı cavabdehin - təbii inhisar subyekti olan "xxxx" ASC-nin hərəkətsizliyindən irəli gələn mübahisəyə baxılması üçün İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh ASC-yə qarşı “kanalizasiya xəttinin yenilənməsi” tələbinə dair hissədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar