Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2150/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.550 manat 60 qəpik, cərimə qismində 1.080 manat, xx.xx.2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.544 manat, cərimə qismində 390 manat 40 qəpik cəmi 6.565 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 65 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdehin "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 23215632 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 4.118 manat 60 qəpik olan 2 ədəd «Samsung Led» markalı televizor üçün 3.550 manat 60 qəpik ödənilməmiş hissə, 1.080 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 23223075 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3.361 manat olan «İphone 11» markalı mobil telefona görə 1.544 manat ödənilməmiş hissə, 390 manat 40 qəpik cərimə borcu vardır. Cavabdehin hər iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 2.385 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdiyini, xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.550 manat 60 qəpik və xx.xx.2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.544 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 65 manat ödəmək şərtilə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə 2 ədəd «Samsung Led» markalı televizoru 4.118 manat 60 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ciil tarixli, 23223075 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 100 manat ödəmək şərtilə 15 ay əzində hissə-hissə ödəmək şərtilə «İphone 11» markalı mobil telefonu 3.361 manat məbləğinə "xxxx" MMCdən almışdır. Həmin əşya xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3.550 manat 60 qəpik, cərimə qismində 1.080 manat, xx.xx.2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə 1.544 manat, cərimə qismində 390 manat 40 qəpik, cəmi 6.565 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə 1.080 manat təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər, xx.xx.2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə 390 manat 40 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.550 manat 60 qəpik, cərimə qismində 30 manat, xx.xx.2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.544 manat, cərimə qismində 20 manat cəmi 5.144 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 71 manat 44 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14 iyul 2021-ci il tarixli, 23215632 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.550 (üç min beş yüz əlli) manat 60 (altmış) qəpik, cərimə qismində 30 (otuz) manat, 17 iyul 2021-ci il tarixli, 23223075 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.544 (bir min beş yüz qırx dörd) manat, cərimə qismində 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat 44 (qırx dörd) qəpik, cəmi 5.216 (beş min iki yüz on altı) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2150/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2150/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver