Məhkəmə qərarları › İş №e-2(125)-2161/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2161/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2161/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 2642 (iki min altı yüz qırx iki) manat məbləğində vurulmuş zərər və 46,42 (qırx altı manat qırx iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2688,42 (iki min altı yüz səksən səkkiz manat qırx iki qəpik) manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində оlan “X4” markalı, 90–PS–189 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSH ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il aprelin 26-da Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 20–EF–244 dövlət nömrə nişanlı avtоmоbillə Bakı şəhəri, Çobanzadə küçəsində “X4” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYP-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli X2 protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYP-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli X2 tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “X4” markalı, 90–PS–189 dövlət nömrə nişanlı avtomobilə 7742 manat məbləğində zərər dəymişdir. İddiaçı ilə sığortalı arasında 100 manat şərtsiz azadolma nəzərdə tutulduğundan sığorta ödənişi 7642 manat təşkil etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 7642 manat məbləği sığortalı "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 20–EF–244 dövlət dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: 19 iyun 2020-ci il tarixli, CSH200139880 nömrəli Avtomobilin Sığorta Şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində оlan “X4” minik markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalanmışdır. CSH85826 nömrəli Sığorta aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində оlan “X4” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixənədək, könüllü sığоrta növündə sığоrtalanmışdır. xx.xx.2021-ci il tarixində saat 19:35-də baş vermiş hadisə nəticəsində sığortalanmış “X4” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında sığorta predmetinə dəymiş zərər 7742,00 AZN-dir. 100 AZN şərtsiz azadolma məbləği çıxılmaqla, 7642,00 AZN sığorta ödənişi həyata keçirilmişdir. 27 aprel 2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində оlan “X4” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 6675 manat, işçilik toplam 1067 manat olmaqla, cəmi 7742 manat məbləğində zərər dəymişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X2” 26 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2021ci il tarixdə saat 19:35-də “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan X3” haqqında 26 aprel 2021-ci il tarixli, İXP 4337421nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində saat 19:35-də “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 26 aprel 2021ci il tarixində saat 19:35 dəqiqədə Bakı şəhəri yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdehdur. “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən "xxxx" MMC-yə məxsus olan, “X4” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildir. xx.xx.2021-ci il tarixli, 3528 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 7742 AZN məbləğində pul köçürülmüşdür. 27 avquts 2021-ci il tarixli, xx/xx-1375 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 02 iyul 2021-ci il tarixli, xx/xx-1021 nömrəli məktubda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 7742 (yeddi min yeddi yüz qırx iki) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyi, zərərvuran avtomobilin tərəflərindən icbari qaydada sığortalanması nəzərə alındıqda, 5000 (beş min) manat məbləğində sığorta ödənişinin subraqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına 7 iş günü ərzində köçürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərək xx.xx.2021-ci il tarixində saat 19:35 radələrində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində "xxxx" MMC-nin mülkiyyətində оlan “X4” markalı, 90–PS-189 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və araşdırma nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən 7742 manat məbləğində müəyyən edilmiş, "xxxx" ASC ilə sığortalı arasında 100 manat şərtsiz azadolma nəzərdə tutulduğundan sığorta ödənişi 7642 manat təşkil etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində 7642 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 20–EF–244 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Buna görə də iddiaçının Cavabdeh qalıq qalan 2642 (iki min altı yüz qırx iki) manat məbləğində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2642 (iki min altı yüz qırx iki) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46,42 (qırx altı manat qırx iki qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2642 (iki min altı yüz qırx iki) manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46,42 (qırx altı manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar