Məhkəmə qərarları › İş №e-2(125)-2207/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2207/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2207/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21154” markalı, **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı və “VAZ 210130” markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə ödənilmiş 2450 (iki min dörd yüz əlli) manat və məhkəmənin hesabına köçürülmüş 45 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “VAZ 21074” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı İddiaçı ASC-də AE 433161 nömrəli şəhadətnamə ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Avronəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə “VAZ 21074” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Göygöl-Gəncə yolunun 1-ci km yol-nəqliyyat hadisəsi törədərək, X2 məxsus olan “VAZ 21154” markalı, **- BG-*** dövlət nömrə qeydiyyat nişanlı və X7 məxsus olan “VAZ 210130” markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobillərə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törətdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin X18 Bölməsi tərəfindən qeydə alınmış cavabdeh barəsində MYP 747868 nömrəli, xx.xx.2016cı il tarixli X11 protokol tərtib edilərək, 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı ASC tərəfindən 2457/GF/CML-2330/2016 nömrəli akta əsasən “VAZ 21154” markalı, **- BG-*** d.n.q.n avtomobilə vurulmuş ziyana görə 1700 manat, “VAZ 210130” markalı, **- BB-*** s.n.q.n avtomobilə görə isə 750 manat ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxslərin əmlakına, vurulmuş zərərə görə ödənilmiş 2450 manatı cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, mülki işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 02 sentyabr 2016-cı il tarixli, 5003 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC ASC-nin Göygöl filialına 750 manat məbləğində sığorta ödənişi edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2016cı il tarixdə 14:20 dəqiqələrində Göygöl-Gəncə yolunun 1-ci km yol nəqliyyat hadisəsi baş vermişdir. “VAZ 21074” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinin mülkiyyətçisi və sürücüsü Cavabdeh təqsirli hərəkətləri nəticəsində X3 məxsus olan və X8 tərəfindən idarə olunan “VAZ 21154” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Avtomobilin qabaq və sol yan hissəsi əzilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X7 məxsus “VAZ 210130” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və avtomobilin sol yan hissəsi əzilmişdir. MYP nömrəli, 747868 nömrəli Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə saat 14:20-də Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Göygöl-Gəncə yolunun 1-ci km-də sağdan gələn “VAZ 21154” **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını buraxmamış və yola çıxaraq toqquşmuş, daha sonra **-BG-*** avtomaşın qarşıdan gələn “VAZ 210130” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yolun kənarında olan maneəyə dəymişdir. “VAZ 21074” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü hadisə yerindən yayınmışdır. xx.xx.2016-cı il tarixli X11 X19 surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdə verdiyi izahatının surətindən görünür ki, “VAZ 21074” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2016-cı il tarixdə Göygöl rayonunda yerləşən “AZ-Petrol” yanacaq doldurma məntəqəsindən idarə etdiyi avtomaşınla çıxaraq Gəncə istiqamətində hərəkət etmək istəyən zaman sağdan gələn “VAZ 21154” **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən yola çıxmış və bu zaman onunla toqquşmuşdur. Həmin zaman qorxduğuna görə hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən müəyyən edilərək idarə etdiyi avtomaşın cərimə meydançasına gətirilmişdir. Günahını etiraf edir və həmin avtomaşına dəymiş ziyanı avtomaşının sığortası tərəfindən ödənilməsinə heç bir narazıçılığı yoxdur. X6 izahatının surətindən görünür ki, “VAZ 21154” **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə ilə ona məxsusdur. xx.xx.2016-cı il tarixdə saat təxminən 14:20 radələrində Göygöl istiqamətindən Gəncə istiqamətinə idarə etdiyi avtomaşınla təxminən AZ-Petrol yanacaq məntəqəsinin qarşısında gedən zaman “VAZ 21074” markalı qırmızı rəngdə olan maşın ona yol verməmiş və qarşısına çıxaraq onunla toqquşmuşdur. Bundan sonra o, avtomaşında idarə etməni itirmiş və qarşıdan gələn “VAZ 210130” markalı avtomaşınla toqquşmuşdur. Hadisə baş verdiyi zaman avtomaşında tək olmuş, spirtli içkinin təsiri altında olmamış və hər hansı xəsarət almamışdır. X1 izahatının surətindən görünür ki, “VAZ 210130” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək hüququ vardır. xx.xx.2016-cı il tarixdə saat təxminən 14:20 radələrində Gəncə şəhər istiqamətindən Göygöl istiqamətinə hərəkətdə olan zaman təxminən Göygöl şəhərində yerləşən AZ-Petrol yanacaq doldurma məntəqəsinin qarşısına çatan zaman qarşıdan gələn “VAZ 21154” **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun maşınını vuraraq daha sonra isə yolun kənarında yerləşən dəmir maneəyə dəymişdir. Həmin avomaşında hər hansı xəsarət almamışdır və spirtli içkinin təsiri altında olmamışdır. AC seriyalı, 742792 nömrəli nəqliyyat vasitsəinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. AC seriyalı, 177209 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21154” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. AA seriyalı, 083540 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 210130” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. 2457/GF/CML-2330/2016 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus olan “VAZ 21074” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. Göygöl-Gəncə yolunun 1-ci km baş vermiş toqquşma nəticəsində “VAZ 21154” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ 210130” minik markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. İddiaçı ASC tərəfindən “VAZ 21154” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1700 manat və “VAZ 210130” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 750 manat məbləğində müəyyən edilmişdir. Cəmi 2450 manat sığorta ödənişi zərərçəkənin və ya zərərçəkənin təyin etdiyi nümayəndənin hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış “VAZ 21074” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 avqust 2016-cı il tarixdə Göygöl-Gəncə yolunun 1-ci km-də yol-nəqliyyat hadisəsi törədərək, “VAZ 21154” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ 210130” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Göygöl DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati qaydada cərimə olunmuşdur. Hadisə baş verdikdən sonra, Cavabdeh hadisə yerindən yayınmışdır. Nəticədə "xxxx" ASC tərəfindən “VAZ 21154” minik markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1700 manat və “VAZ 210130” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 750 manat məbləğində müəyyən edilmiş və cəmi 2450 manat sığorta ödənişi edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh bilavasitə hərəkətləri ilə üçüncü şəxslərə zərər vurulduğundan və baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayındığından, zərərin əvəzini ödəmək vəzifəsi birbaşa Cavabdeh öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu 18 aprel 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlmişdir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “VAZ 21154” markalı, **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı və “VAZ 210130” markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə ödənilmiş sığorta ödənişlərinin əvəzi olaraq 2450 (iki min dörd yüz əlli) manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “VAZ 21154” markalı, **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı və “VAZ 210130” markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə ödənilmiş sığorta ödənişlərinin əvəzi olaraq 2450 (iki min dörd yüz əlli) manat və məhkəmə xərci qismində 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar