Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2242/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə ödənilməmiş 899 (səkkiz yüz doxsan doqquz) manat əsas borc, dəbbə pulu 88 (səksən səkkiz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğini, cəmi 1017 (bir min on yeddi) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ümumi dəyəri 1299 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyəri hissə-hissə ödəmək şərti ilə 12 ay ərzində tam ödənilməlidir. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə olan əsas borcu 899 manat, cərimə (dəbbə pulu) borcu isə 88 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə satış müqaviləsinə əsasən satıcı (iddiaçı) qiyməti 1250 manat olan Televizor “Samsung UE50TU7100UXRU” alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Bu müqavilə üzrə ödənişlər, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə (ödəniş cədvəli) əsasən Alıcı tərəfindən ödənilir (4.2-ci bənd). Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişləri vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsinə əsasən alıcı (cavabdeh) 1250 manat məbləğində pulu 18 ay müddətinə, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 70 manat, sonuncu ay isə 60 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə Cavabdeh Televizor “Samsung UE50TU7100UXRU” təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə olan əsas borcu 899 manat, dəbbə borcu 88 manat olmaqla, cəmi 987 manat təşkil edir. 12 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcunu ödəməsi, əks təqdirdə ona qarşı mövcud tələblə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq məqsədilə hökumət ödəniş portalına 30 (otuz) manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən avadanlığı 1250 manata nisyə qaydada və 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, aldığı məhsuldan 899 manat məbləğində pulu ödənilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa cavabdeh ödənişləri gecikdirdiyi üçün nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə uyğun olaraq hər gecikdirilən gün üçün ödənilməli məbləğin 1 faizi miqdarında dəbbə pulu hesablanmışdır. Məhkəmə hesablanmış 88 (səksən səkkiz) manat dəbbə pulunun öhdəliyin icra edilməmiş hissəsinə nəzərən tənasübsüz dərəcədə yüksək olduğunu hesab edir. Buna görə də dəbbə pulu məbləği azaldılaraq 2 (iki) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə satış müqaviləsi üzrə 899 (səkkiz yüz doxsan doqquz) manat əsas borc, 2 (iki) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat olmaqla, cəmi 931 (doqquz yüz otuz bir) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2242/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2242/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver