Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2265/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələrin miras əmlaka sahiblik etməsi və əmlakı faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2015-ci il tarixli 2V-1-196 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin ünvan 1 ünvanda yerləşən əmlaka sahiblik etməsi və əmlakı faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 və üçüncü şəxslər X7, X6 qardaş bacıdırlar. Onların atası X8 xx.xx.1971-ci ildə, anaları X10 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. X10 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə Gəncə şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-334/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ərizəçilər İddiaçı1 və Cavabdeh1 ərizəsi təmin edilmiş, Gəncə şəhəri, Mehrablı küçəsi, ev 62A saylı mülkdə 430 kv.m. torpaq sahəsində yerləşən 11,7 kv.m, 23,8 kv.m iki yaşayış otağı, 25,5 kv.m, 8,2 kv.m. örtülü eyvanı, 12 kv.m. mətbəxi, 2,9 kv.m. hamamı, 4 kv.m. açıq eyvanı olan “A” literli yaşayış binasının, 25,9 kv.m. bir yaşayış otağı, 10,9 kv.m. dəhlizi olan “B” literli yaşayış binasının, sahəsi 9 kv.m olan “C” literli mətbəxin, sahəsi 18,2 kv.m. olan “Ç” literli və sahəsi 6,3 kv.m. olan “D” literli hamamların, sahələri 73,7 kv.m, 21,2 kv.m. olan talvar tikililərin X5 məxsus olması və həmin əmlak üzərində X9 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Bundan sonra, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 120,9 kvadrat metr olan fərdi yaşayış evi X9 xüsusi mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daha sonra, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi – qızı Cavabdeh1dır və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 120,9 kv. m. olan ünvan 1 saylı evin 6/10 hissəsindən ibarətdir. Evin 4/10 hissəsi açıq qalmışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (miras əmlak) Cavabdeh1 (6/10 hissə) və X9 (4/10 hissə) paylı mülkiyyətlərindədir. Bu barədə müvafiq olaraq xx.xx.2015-ci il tarixli, **********12-10301 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, **********94-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, miras əmlak ataları Həsənquluya məxsus olmuşdur. Ataları 1971-ci il tarixində vəfat etmişdir. Anaları Almaz isə xx.xx.2015ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra hazırki işdə iştiak edən 5 vərəsəsi qalmışdır. Atalarından miras qalmış əmlakı anaları ilə birlikdə iddiaçılar və cavabdeh qəbul etmişlər. Anaları xx.xx.2014-cü il tarixdə cavabdehə vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını cavabdehə vəsiyyət etmişdir. Lakin anaları Almazın ölən günədək adına heç bir daşınmaz əmlakı olmamışdır. Lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hazırda mübahisələndirilən miras əmlakın ana tərəfindən mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmişdir. Bunun əsasında Gəncə şəhər 1 saylı notariat ofisi xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, cavabdehə həmin ev üzrə 6/10 hissədə pay verilmiş, 4/10 hissədə pay açıq saxlanılmışdır. Dolayısı ilə notarius əmlaka dair 4/10 hissədə payı məcburi pay kimi 4 vərəsə üçün açıq saxlamışdır. İddia ərizəsinə görə iddiaçılar Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini qanunsuz və əsassız hesab edir. Həmçinin, X10 xx.xx.2014-cü il tarixdə cavabdehə verdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1224.0 və 1224.0.2-ci maddələrinə əsasən qüvvədən düşmüşdür. İddiaçılar hesab edir ki, onlar – vərəsələr əmlaka sahiblik etməyə (misal üçün, evin təmir-tikinti işlərində iştirak etmişlər) və əmlakı idarə etməyə faktik başladıqları üçün bununla mirası qəbul etmiş sayılırlar və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsələrin olduğunu gizlətmişdir. İddiaçılar hesab edir ki, cavabdeh iddiaçıların və digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən ərizədə iddiaçıları və digər vərəsələri gizlətdiyinə görə məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilməlidir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, həmin ev köhnə ev olub, sözügedən evin təmirini özü etmişdir, hazırda da həmin evdə o və cavabdeh yaşayırlar, həmçinin evə anasının mülkiyyət hüququnun tanınmasına əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvədədir, onu və vəsiyyətnamənin özünü, o cümlədən evin atadan miras qalmasını mübahisələndirmirlər, onların əsas tələbi vəsiyyətnamə əsasında verilmiş şəhadətnamənin qanunsuzluğudur. Belə ki, vəsiyyətnamə verilərkən sözügedən əmlak analarının mülkiyyətində olmamışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə etdi ki, 1990-cu ildən bəri həmin evdə yaşamır, hazırda həmin evdə qardaşı Hamlet və bacısı Gülçöhrə yaşayırlar. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, tərəflərin ataları 1971-ci ildə vəfat etmişdir, ev ata mülkü olub, vəfatından 1 il qabaq anaları cavabdehə vəsiyyətnamə vermiş, hüququn müəyyən olunması üçün cavabdeh isə analarının vəfatından 10 ay sonra iddiaçıların razılığı olmadan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb, halbuki 6 ay müddəti ötürmüşdür, ölən gün anasının adına heç bir əmlak olmamışdır, miras əmlak xx.xx.2015-ci il tarixdə açılmışdır, notarius tərəfindən digər paylar açıq saxlanılıb, digər vərəsələr dəvət olunmayıb. Hazırda vəsiyyətnaməni deyil, şəhadətnaməni mübahisələndirirlər. Vəkil, həmçinin əlavə etdi ki, cavabdeh notariusa ərizə ilə müraciət edən zaman digər vərəsələri gizlətdiyi üçün ləyaqətsiz vərəsə hesab edilməlidir. Vərəsələrin digərləri miras əmlakdan imtina etdiyi üçün hesab edirlər ki, iddiaçıların hər birinin 1/3 hissədə payı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 30 ildir ki, həmin evdə iddiaçı və o, yaşayır, digər iddiaçı və üçüncü şəxslər həmin evdə yaşamırlar. Anasının ona vəsiyyətnamə verdiyini digər vərəsələr bilirdi. Miras əmlakın 6/10 hissəsinə onun payı qanunla müəyyən edilmiş qaydada tanınmışdır. Digər vərəsələr notariusdan gizlədilməmişdir, əksinə onların məcburi payları açıq saxlanmışdır. Həmçinin, sənədləşmə işləri aparıldıqdan sonra notariusa müraciət edilmiş, hər hansı müddəti ötürməmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, 10 ildir ki, ev ona məxsus olsa da, istifadə edə bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddiaçı tərəfin izahatlarına uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən mülki işə həmin cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, onların vəkilinin, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1167-ci maddəsinin tələbinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 1 saylı DNK-nın 2V-1-196 nömrəli notariat işinin materiallarından görünür ki, tərəflərin anası X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 şəhəri 5 saylı DNK tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Bundan sonra, ərizəçilər İddiaçı1 və Cavabdeh1 ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-334/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə mübahisəli miras əmlaka X9 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1013/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə İdarənin apellyasiya şikayətindən imtinası qəbul edilmiş, apellyasiya icraatına İdarəyə münasibətdə xitam verilmişdir. Daha sonra, sözügedən fərdi yaşayış evi X9 xüsusi mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh bütün bu proseslərdən sonra, Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və ona xx.xx.2015-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş, Rusiya Federasiyası, Stavropol diyarı, Yessentuki şəhəri, Vokzalnaya küçəsi, ev 57v ünvanda yaşayan və qeydiyyatda olan X6 tərəfindən verilmiş ərizədə bildirilmişdir ki, o, xx.xx.2015-ci ildə vəfat etmiş anasının ölümündən sonra açılmış mirasdan xəbərdardır. Ərizə ilə bildirir ki, mirasın qəbul edilməsi üçün müddəti ötürmüşdür, məhkəməyə müddətin bərpası üçün müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmamış, vərəsəlik şəhadətnaməsinin İddiaçı1 verilməsinə etiraz etmir. X2 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etməsi barədə xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verməsi işin mübahisəsiz halıdır. Tərəflər vəsiyyətnaməni mübahisələndirmirlər. İddiaçıların tələbinin faktiki əsası əsasən ondan ibarətdir ki, sözügedən şəhadətnamə qanun pozuntusu ilə verilmiş, cavabdeh analarının vəfatından 10 ay sonra iddiaçıların razılığı olmadan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və 6 aylıq müddəti ötürmüşdür. Lakin məhkəmə iclasında tədqiq olunmuş iş materialları ilə müəyyən olundu ki, mərhum X1 vəsiyyətnamə tərtib edərək, bütün daşınar və daşınmaz əmlakını bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyan xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra 5 övladı – iddiaçılar, cavabdeh və üçüncü şəxslər qalmışdır. Miras qoyan öldükdən sonra qızı - Cavabdeh1 ondan miras qalmış əmlakı vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etmək üçün müəyyən sənədləşmə işləri aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, iddiaçılardan yalnız İddiaçı1 anasının sağlığından mübahisəli evdə yaşamış, anası öldükdən sonra da anasının qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin miras əmlakı faktiki qəbul etmiş, hazırda da həmin əmlakda yaşamaqda davam edir. Miras qoyanın digər övladları mirası nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edərək qəbul etməmişlər. Bununla belə, notarius təqdim edilmiş arayış əsasında digər 4 vərəsənin payını açıq saxlamış, sözügedən qətnamə və vəsiyyətnamə əsasında miras əmlakın 6/10 hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh1 payı barədə müvafiq şəhadətnamə vermişdir. Göründüyü kimi, miras qoyan Almaz Hüseynovanın əmlakı vəsiyyət üzrə vərəsəsi Cavabdeh1 keçdiyindən qanun üzrə vərəsəlik qüvvədə olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar özləri mirasın qəbulu ilə bağlı mübahisə açmaq müddətini ötürmüşlər. Belə ki, cavabdeh mirası qəbul etməsi barədə ərizəni 26 noyabr 2015-ci il tarixdə vermiş, miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin tarixdə verilmişdir. Lakin iddiaçılar bundan 7 il keçdikdən sonra həmin şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Halbuki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçıların vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi üçün dəlilləri həm də ondan ibarətdir ki, anaları X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir və ölən günü onun heç bir daşınmaz əmlakı olmamışdır. İddiaçı tərəfin bu dəlilləri əsassızdır ona görə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin X2nın mülkiyyətində olması onun ölümündən sonra, İddiaçı1 və Cavabdeh1 birgə ərizəsi əsasında qəbul edilmiş məhkəmə qətnaməsi əsasında müəyyən olunmuşdur və həmin məhkəmə qətnaməsi hazırda qüvvədədir, iddiaçılar bu qətnaməni mübahisələndirməmişlər, əksinə qəbul edirlər. Belə olan halda, məhkəmə qeyd edir ki, sözügedən fərdi yaşayış evinin mərhumun mülkiyyətində olması məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan onun miras əmlak sayılması və qeyd edilən vəsiyyətnamə əsasında cavabdehə keçməsi qanuni olmuşdur. Bununla bağlı, həmçinin nəzərə alınmalıdır ki, qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Lakin konkret işin hallarından asılı olaraq belə vəziyyət vərəsələr tərəfindən mirasın qəbulu müddətlərinin gecikdirilməsi səbəblərinin üzürlü sayılması və ya uzadılması üçün əsas kimi qəbul edilə bilər. Digər tərəfdən, iddia ərizəsində qeyd edilir ki, xx.xx.2014-cü il tarixli vəsiyyətnamə Mülki Məcəllənin 1224.0 və 1224.0.2-ci maddələrinə əsasən qüvvədən düşmüşdür. Məhkəmə iddiaçıların bu dəlilini də qəbul etmir. Belə ki, həmin maddənin tələbinə görə vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamə qüvvədən düşür. Lakin hazırki iş üzrə belə hal müəyyən edilməmişdir. İddiaçıların digər bir dəlili də ondan ibarətdir ki, cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsələrin olduğunu gizlətmişdir. İddiaçılar hesab edir ki, cavabdeh iddiaçıların və digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən ərizədə iddiaçıları və digər vərəsələri gizlətdiyinə görə məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların bu dəliləri də əsassız olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, cavabdehə verilmiş və cavabdehin notariat işinə əlavə etdiyi xx.xx.2015-ci il tarixli, 364 nömrəli arayışa görə onun anası X10 vəfat edənə kimi - xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanda yaşamışdır. Mərhumun valideynləri vəfat etmişlər. Mərhumun əri X8 xx.xx.1971-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra öhdəsində aşağıdakı ailə üzvləri qalmışdır: mərhumun övladlarından Cavabdeh1 və İddiaçı1 hələ mərhumun sağlığında ikən və hazırda həmin ünvanda yaşayırlar və orada pasport qeydiyyatındadırlar. Mərhumun qızı X6 hələ mərhumun sağlığında ikən və hazırda həmin ünvanda pasport qeydiyyatında olsa da, başqa ünvanda yaşayır. Mərhumun digər övladları İddiaçı2 və X7 hələ mərhumun sağlığında ikən və hazırda başqa ünvanlarda yaşayırlar və yaşadıqları ünvanda da pasport qeydiyyatındadırlar. Mərhumun vəfatından sonra öhdəsində adı çəkilən şəxslərdən başqa heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvləri qalmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, üçüncü şəxs X6 tərəfindən miras əmlak nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edilərək qəbul edilmədiyindən onun vərəsəlik şəhadətnaməsinin İddiaçı1 verilməsinə etiraz etməməsi barədə ərizəsi əhəmiyyətsizdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, notarius tərəfindən cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanuni və əsaslı olmuşdur və iddianın bu tələbdən asılı olan digər hissələrinin də təmin edilməsi üçün əsas yoxdur. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2V-1-196 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin ünvan 1 ünvanda yerləşən əmlaka sahiblik etməsi və əmlakı faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfin ödədiyi dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2V-1-196 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin ünvan 1 ünvanda yerləşən əmlaka sahiblik etməsi və əmlakı faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2265/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2265/2023
07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver