Məhkəmə qərarları › İş №e-2(125)-2338/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2338/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2338/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 195,8 manat əsas, 29,3 manat cərimə, cəmi 225,1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 236,5 manat əsas, 35,4 manat cərimə, cəmi 271,9 manat, iki müqavilə üzrə olan borcu 432,3 manat əsas, 64,7 manat cərimə, cəmi 497 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “REALME” markalı telefona, “SAMSUNG” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla, cəmi 402,8 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “XİAOMİ POCO” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla, 633,2 manat, ümumilikdə iki müqavilə üzrə 1036 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 18 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 432,3 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 647 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 647 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 64,7 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 195,8 manat əsas, 29,3 manat cərimə, cəmi 225,1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 236,5 manat əsas, 35,4 manat cərimə, cəmi 271,9 manat, hər iki müqavilə üzrə olan borcu 432,3 manat əsas, 64,7 manat cərimə, cəmi 497 manat təşkil etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, “REALME” markalı telefona, “SAMSUNG” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat və sonuncu ay 11,9 manat olmaqla, cəmi 402,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “XİAOMİ POCO” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat və sonuncu ay 21,2 manat olmaqla, cəmi 633,2 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMCyə olan borcu 195,8 manat əsas, 293 manat cərimə, cəmi 488,80 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMCyə olan borcu 236,5 manat əsas, 354 manat cərimə, cəmi 590,50 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 64,7 (altmış dörd manat yetmiş qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 195,8 (bir yüz doxsan beş manat səksən qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 236,5 (iki yüz otuz altı manat əlli qəpik) manat əsas, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə 437,3 (dörd yüz otuz yeddi manat otuz qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 195,80 (bir yüz doxsan beş manat səksən qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 236,50 (iki yüz otuz altı manat əlli qəpik) manat əsas, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə 437,30 (dörd yüz otuz yeddi manat otuz qəpik) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar