Məhkəmə qərarları › İş №e-2(125)-2346/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2346/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2346/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 (iki yüz) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı 21BH306 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 77FD951 dövlət qeydiyyat nişanlı Toyota PRİUS markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Toyota PRİUS markalı, 77FD951 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 200 (iki yüz) manat ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Odur ki, məhkəmədən Cavabdeh 200 (iki yüz) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı 21BH306 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 77FD951 dövlət qeydiyyat nişanlı Toyota PRİUS markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsiri olması DYPİ-nin İXP4750947 saylı inzibati xəta haqqında protokolda öz əksini tapmışdır. İddiaçı ASC Toyota PRİUS markalı, 77FD951dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 200 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 200 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 200 (iki yüz) manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar