Məhkəmə qərarları › İş №e-2(125)-2356/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2356/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2356/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı 8.724 manat 39 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirməsinə dair ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 7.934 manat 83 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və sonuncu «satış nümayəndəsi» vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024cü il-xx.xx.2024-cü il tarixlərində Cavabdeh fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 8.724 manat 39 qəpik məbləğində pul vəsaitinin İddiaçı MMC-nin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Belə ki, Cavabdeh borcundan 789 manat 56 qəpik məbləğində ödəniş etsə də yerdə alan 7.934 manat 83 qəpik məbləğində borcunu bu günədək ödəməmişdir. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7.934 manat 83 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki işin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək borcundan 789 manat 56 qəpik məbləğində ödəniş etdiyini, iddianı qismən etiraf edərək 7.934 manat 83 qəpik məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC-nin satış şöbəsinin satış təmsilçisi Cavabdeh Abbasqulu oğlu təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsinə dair xx.xx.2024-cü il tarixli, 078 nömrəli əmrə əsasın tərtib olunmuş aktın surətindən görünür ki, İddiaçı MMC-də xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərində yoxlama aparılmış və 51.315 manat 17 qəpik məbləğində satış olduğu müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC Kommersiya direktorluğu satış nümayəndəsi Cavabdeh Abbasqulu oğlu tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh Abbasqulu oğlunun İddiaçı MMC-yə vurduğu zərərin miqdarı 8.789 manat 56 qəpik təşkil edir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh Abbasqulu oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1216 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Abbasqulu oğlu borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh Abbasqulu oğlu İddiaçı MMC-nin hesabına 789 manat 56 qəpik məbləğində ödəniş etmişdir. İşdə olan Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025 nömrəli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayışın surətindən görünür ki, İddiaçı MMC mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı MMC-də «satış nümayəndəsi» xx.xx.2023-cü il tarixdə işə qəbul olunmuşdur. İddiaçı MMC-də xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərində yoxlama aparılmış və Cavabdeh İddiaçı MMC-yə 8.789 manat 56 qəpik məbləğində zərər vurduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən həmin zərərin bir hissəsini, yəni İddiaçı MMC tərəfindən həmin vurulmuş zərərin bir hissəsi 789 manat 56 qəpik məbləğində hissəsi ödəsə də, vurulmuş zərərin 7.934 manat 83 qəpik məbləğində hissəsini İddiaçı MMC-yə ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəlllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh tərəfindən maddi zərər vurulmasını İddiaçı MMC Kommersiya direktorluğu satış nümayəndəsi Cavabdeh Abbasqulu oğlu tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2024-cü il tarixli aktı və digər sənədləri təqdim etməklə sübuta yetirmiş, Cavabdeh isə iddianı dəqiqləşdirilmiş hissədə tam etiraf edərək etirafın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 7.934 manat 83 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 49 manat 35 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 7.934 (yeddi min doqquz yüz otuz dörd) manat 83 (səksən üç) qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 49 (qırx doqquz) manat 35 (otuz beş) qəpik, cəmi 8.034 (səkkiz min otuz dörd) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar