Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2361/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, «ABC-Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Xələfov Elvin Ərafət oğluna qarşı 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 278 manat, cərimə qismində 27 manat, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 883 manat 50 qəpik, cərimə qismində 88 manat 50 qəpik, cəmi 1.277 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 mart 2023-cü il tarixdə «ABC-Telecom» məhdud məsuliyyətli cəmiyyəti Xələfov Elvin Ərafət oğluna qarşı 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 278 manat, cərimə qismində 27 manat, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 883 manat 50 qəpik, cərimə qismində 88 manat 50 qəpik, cəmi 1.277 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 06 mart 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Xələfov Elvin Ərafət oğlu «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********89078 olan «Xiaomi Redmi 8» markalı mobil telefonu 408 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 27 oktyabr 2019-cu il tarixdə Xələfov Elvin Ərafət oğluna təhvil verilmişdir. İş materiallarında olan 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Xələfov Elvin Ərafət oğlu «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 55 manat ödəniş etmək, digər məbləği isə 15 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********29186 olan «Samsung Galaxy A51» markalı mobil telefonu 938 manat 50 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 03 mart 2020-ci il tarixdə Xələfov Elvin Ərafət oğluna təhvil verilmişdir. Mülki işdə olan Xələfov Elvin Ərafət oğlunun «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Xələfov Elvin Ərafət oğlunun hazırda iddiaçıya olan borcu 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 278 manat, cərimə qismində 27 manat, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə 883 manat 50 qəpik, cərimə qismində 88 manat 50 qəpik, cəmi 1.277 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə 27 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə isə 88 manat 50 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 278 manat, cərimə qismində 5 manat, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 883 manat 50 qəpik, cərimə qismində 10 manat, cəmi 1.176 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat 77 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «ABC-Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Xələfov Elvin Ərafət oğlundan «ABC-Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 27 oktyabr 2019-cu il tarixli, 01009244 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 278 (iki yüz yetmiş altı) manat və cərimə qismində 5 (beş) manat, 03 mart 2020-ci il tarixli, 20141717 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 883 (səkkiz yüz səksən üç) manat 50 (əlli) qəpik və cərimə qismində 10 (on) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 1.209 (bir min iki yüz doqquz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. «ABC-Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2361/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2361/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver